Taksilər ünvanlara cadu da daşıyır - şok təfərrüatlar...
Aslan Əsədov: “Taksi sürücüsü daşıdığı yükün nədən ibarət olması haqqında məlumatlı olsa daha yaxşı olar”
Son günlər sosial şəbəkələrdə taksi sürücülərinin daşıdıqları yüklərlə bağlı qəribə məlumatlara rast gəlinir. Belə ki, Bakıda taksi sürücüsü video paylaşaraq, apardığı ünvana cadu göndərildiyinə dair facebookda video yayıb.
Qeyd edək ki, taksilərlə tək cadu deyil, eyni zamanda cinayət məsuliyyəti daşıyan yüklərin göndərilə biləcəyi istisna olunmur. Belə olan halda sürücü məsuliyyət daşıyırmı? Belə olan halda sürücünün bağlamanı açıb baxmaq imkanı varmı?
“İnsanlar bəzən taksi vasitəsilə cadu, müxtəlif növ xoş olmayan, qeyri-etik əşya və ya bağlamalar göndərir”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, insanlar bəzən taksi vasitəsilə cadu, müxtəlif növ xoş olmayan, qeyri-etik əşya, bağlamalar göndərir: “Taksi vasitəsilə cinayət törədilən əşya göndərilirsə bu zaman araşdırma aparılmalıdır. Taksi sürücüsünün həmin soyuq silah, cinayət törədilən əşyadan xəbəri varsa həmin şəxs də məsuliyyətə cəlb olunur. Taksi sürücüsünün xəbəri yoxdursa, onun etibarından istifadə olunursa burda vəziyyət dəyişir”.
Həmsöhbətimiz hesab edir ki, taksi sürücüsü daşıdığı yükün nədən ibarət olması haqqında məlumatlı olsa daha yaxşı olar: “Bağlama çox bükülübsə, sifarişçi qət ediləcək məsafə üçün daha çox pul versə, şübhəli nəsə hiss olunsa sürücü həmin sifarişdən imtina etməlidir. Sürücü maksimum diqqətli olmalıdır. Apardığı bağlamanı öncədən ən azı bilməlidir. Bu günlərdə taksi vasitəsilə cadu göndərilməsi ilə bağlı məlumat yayıldı. Burda sürücünün günahı yoxdur. Sürücünün məsuliyyəti sifariş edilən bağlamanı çatdırmaqdır. Təəssüf ki, bəzi şəxslər sürücülərin etibarından istifadə edib onları pis vəziyyətdə qoyur”.
Günel CƏLİLOVA