Blinken Bakıya zəng etməyə bilməzdi - Əliyevin çəkisi, siyasətin gücü...
Samir Hümbətov: “Təbiidir ki, nüfuzu olan ölkə və onun lideri ilə belə davranırlar”
Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.
Blinken faktiki olaraq ABŞ-da 1- ci şəxs sayılır. Çünki Baydenin mövcud durumunda dövləti o idarə edir. ABŞ kimi ölkənin dövlət katibinin məhz belə məqamda Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması İlham Əliyevin sanbalına verilən qiymət və Azərbaycanın çəkisi ilə barışmağın əlaməti sayıla bilərmi?
Politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında biıdirdi ki, Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən nəzərə almaq lazımdır ki, ABŞ hər nə qədər Ermənistanla bu və ya digər formada belə bir akt imzalasa da, ABŞ-ın Cənubi Qafqazda əsas tərəfdaşlarından, müttəfiqlərindən biri də Azərbaycandır: “Çünki Azərbaycan həm zəngin enerji potensialına malikdir, həm də Cənubi Qafqazın aparıcı ölkəsidir. Eyni zamanda, ABŞ-ın istər NATO çərçivəsində, istərsə də ümumiyyətlə Türkiyə ilə olan münasibətləri bu məsələdə kifayət qədər Azərbaycanın əlini gücləndirir. Əlbəttə, əgər Blinken Azərbaycan Prezidentinə zəng edib, “bu məsələ sizdə narahatlıq doğurursa, ona aydınlıq gətirək”,- deyirsə, məqsəd Azərbaycanın da qəlbini “qırmamaqdır”. Arxa planda gedən danışıqların detalını tam bilməsək də, bəllidir ki, bu məsələnin Azərbaycana necə təsir edəcəyi artıq aydınlaşıb. Azərbaycanın haqqıdır bunu bilmək lazımdır. Çünki danışıqlar Azərbaycanın Ermənistanla sülh prosesinin önünə çıxan bir mərhələdədir və belə olan halda istənilən bir hadisənin ortaya çıxması çox böyük önəm daşıyır. Mən düşünürəm ki, indiki məqamda Azərbaycan prezidenti ilə ABŞ dövlət katibinin bu məsələləri müzakirə etməsi təbii və qanunauyğun haldır. Bunun da arxasındakı əsas məqsəd Azərbaycanı bu məsələdə razı salmaqdan ibarətdir. Təbiidir ki, nüfuzu olan ölkə və onun lideri ilə belə davranırlar. Çünki söhbət ABŞ kimi dünya güclərindən olan ölkənin rəhbərliyinin davranışından, atdığı addımlardan gedir”.
Nəticə etibarilə Blinkenin Prezident İlham Əliyevə zəng edib narahatlığını ifadə etməsi, habelə Brüssel görüşü ilə bağlı aydınlıq verməsi olduqca vacibdir. Rəsmi Bakı başa düşür ki, Qərbin Ermənistana iqtisadi-siyasi və hərbi yardımlarının əsas məqsədi bu ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Lakin bütün ehtimal risqlər, Ermənistanın şıltaqlıqları və təxribat versiyaları nəzərdən keçirilir. Azərbaycan böyük güclərin regionda rəqabəti, habelə nüfuz mübarizəsi fonunda milli maraqlarına, habelə Ermənistan-Azərbaycan sülh prosesinə zərər gəlməsini qətiyyən istəmir. Buna görə də prinsipial mövqe nümayiş etdirir.
Məhəmməfəli QƏRİBLİ