Qaçqınlar haqda qanun necə dəyişəcək? - Deputat təklifi də, izahını da verdi...
Musa Quliyev: “Hazırda məcburi köçkünlərin statusunun dəyişməsi gündəmdə deyil”
Mövcud qanunvericiliyə görə, hazırda Azərbaycanda keçmiş məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə bəzi güzəşt və imtiyazlar tətbiq edilir. İşğal altında olan torpaqlar azad edildikdən sonra məcburi köçkünlərin statusu müzakirə predmetinə çevrilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında çıxışı zamanı deyib ki, qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanun layihəsinə yenidən baxılmalıdır.
Maraqlıdır, qaçqın və məcburi köçkünlərin statusu dəyişə bilər?
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunun konsepsiyası qalmaq şərtilə əlavə və dəyişikliklər edilə bilər
Məsələ ilə bağlı millət vəkili Musa Quliyevlə əlaqə saxladıq.
O, “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Milli Məclisin ötən iclasında “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna bütövlükdə yenidən baxılması müzakirə olunub. Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsinin nəzərə alınması qeyd edilib. Müzakirə zamanı Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib ki, “Azərbaycan vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsinin 5-ci bəndində məcburi köçkünlərə aid olan bütün güzəştlərin Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil edilməsi ilə bağlı cümlə var. Deməli, belə çıxır ki, başqa hal da nəzərdə tutulub. Əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil. Komitə sədri kimi iclas bu məsələyə diqqət yetirilməsinin vacibliyini qeyd etdim”.
Millət vəkili hesab edir ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunun konsepsiyası qalmaq şərtilə əlavə və dəyişikliklər edilə bilər: “Komitə sədri millət vəkili Əziz Ələkbərlinin qaldırdığı məsələyə fikir bildirdim ki, məlum məsələ ilə bağlı təklifinizi verin. Lazım olarsa müvafiq qurumlarla qanunun yenidən işlənməsinə baxılar. Hazırda məcburi köçkünlərin statusunun dəyişməsi gündəmdə deyil”.
Günel CƏLİLOVA