“Krokus terrorunun” izi Tehrana çıxdı...
Ramil Hüseynov: “Belə hallarda hansısa məlumatların sızması baş verir”
İran hakimiyyəti “Crocus City Hall”a hücumdan bir müddət əvvəl Rusiyaya ölkədə böyük terror aktı baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda ölümcül partlayışlarla bağlı həbs edilən şəxslərin dindirilməsi zamanı Rusiyada mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, - mənbələrdən biri bildirib.
Agentliyin ikinci mənbəsi bildirib ki, Tehranın məlumatında terrorun vaxtı və dəqiq hədəfi ilə bağlı konkret təfərrüatlar yoxdur: “İranda həbs olunan terrorçulardan biri bildirib ki, qruplaşmanın bəzi üzvləri artıq Rusiyaya gediblər”.
Nəşrin digər mənbəsi bildirib ki, İran illərdir terror aktları ilə üzləşib, ona görə də İran hakimiyyəti həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.
Kremlin sözçüsü Dmitri Peskov “Reuters”in xəbəri ilə bağlı sualı cavablandırarkən, bu barədə məlumatı olmadığını deyib. Rusiya Xarici İşlər Nazirliyində də İranın Rusiya tərəfinə terror hazırlığı barədə məlumat ötürməsi barədə məlumatın olmadığı deyilib.
“Bu haqda məlumat İranda olubsa, onların bununla bağlı Rusiyanı məlumatlandırması realdır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov buna birmənalı prizmadan yanaşmadı: “Əvvəla, İran müəyyən terror təşkilatları ilə əlaqəsi olan bir dövlətdir. Ən azından ona görə ki, İran bu və ya digər formada dövlət səviyyəsində terroru himayə edən ölkələrdən biridir. Xüsusən də İran Yaxın Şərqdə ona yaxın olan bir sıra qrupları maliyyələşdirir və himayə edir. İranın maraqlarından çıxış edən müxtəlif proksi qüvvələr Livanda, Yəməndə, Sudanda fəaliyyət göstərir. Ancaq İranda da zaman-zaman terror aktları baş verir. Məsələn, bu il yanvarın 3-də general Qasım Süleymaninin qətlə yetirilməsinin dördüncü ildönümü münasibətilə keçirilən mərasim zamanı törədilən partlayışlar nəticəsində 100-ə yaxın adam ölüb, 300 nəfər yaralanıb. Çox keçmədən məlum oldu ki, terroru törətən İŞİD təşkilatı olub. Sonra bununla əlaqədar bir neçə terrorçu həbs edilib. Prinsipcə, İranın güc strukturları terrorçuları dindirərkən onların Rusiyada və digər ölkələrdə terror törətmək planları barədə məlumat əldə etməsi mümkündür. Çünki belə hallarda hansısa məlumatların sızması baş verir. Ancaq nəzərə almaq lazımdır ki, “Reuters”in yaydığı məlumat rəsmi deyil. Rusiya ilə İran arasında çox sıx münasibətlər var, üstəlik Ukrayna müharibəsindən sonra bu əlaqələr daha da sıxlaşıb. İran Rusiyanı zərbə dronları ilə təmin edir. Ona görə də belə bir məlumat İranda olubsa, onların bununla bağlı Rusiyanı məlumatlandırması realdır. Çünki Rusiyanın zəifləməsi İranın maraqlarına uyğun deyil. ABŞ Rusiyanı terrorla bağlı xəbərdar etmişdi. Terror olmazdan əvvəl Moskva buna ciddi yanaşmadı. Terror baş verəndən sonra isə Rusiya tərəfi bəyan etdi ki, məlumat ümumi xarakterli idi. Bütün hallarda, Rusiyanın gərəkən önləyici tədbirləri görə bilməməsi bu ölkənin xüsusi xidmət orqanlarının nüfuzuna güclü zərbə vurdu”.
Vidadi ORDAHALLI