Mərkəzi Bank dollarla bağlı açıqlama yaydı - tələbat əslində niyə artıb...
Xalid Kərimli: “Dollara tələbatın artmasının əsas səbəbi ilin əvvəlindən investisiyaların artması ilə əlaqədardır”
Məlumdur ki, son aylar dollara tələb artıb. Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini açıqlayıb. Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilir ki, 2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunub: “İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb".
Qeyd edilib ki, buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir.
Maraqlıdır, dollara tələb buna görə artıb, yoxsa dolların bahalaşma qorxusu bu tələbi artırıb?
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dollara tələbatın artmasının əsas səbəbi ilin əvvəlindən investisiyaların artması ilə əlaqədardır: “Bu il bildiyiniz kimi Azərbaycanda beynəlxalq tədbirlər keçiriləcək. Eyni zamanda Qarabağın bərpası ilə bağlı məsələlər sürətlənir. Bu hallar da idxalı daha çox artırır. Burada müəyyən ödənişlər edilir. Bu da dollara tələbatı artırır. Vətəndaşlar arasında dolların bahalaşacağı barədə müəyyən təlaş yaranıb. Bu məsələlər planlaşdırılır. Dolların qiymətində artım gözlənilmir. Çünki ilk olaraq Azərbaycan neftinin və qazının qiyməti yüksək olaraq qalır. Buna görə də ölkəyə gələn dollar kifayət qədər çoxdur. Onu da deyim ki, valyuta bazarı üzərində ciddi nəzarət var. Kim nə qədər istəsə dollar ala bilmir. Bu səbəbdən 2024-cü ildə manatın məzənnəsinin ucuzlaşacağını gözlənilmir".
Əkrəm Həsənov: “İşğaldan azad edilmiş ərazilərdə gedən böyük işlər, xaricdən oraya idxal edilən mallar dollar hesabına gerçəkləşir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, son zamanlar dollara tələbatın artma səbəbi işğaldan azad edilmiş ərazilərdə gedən böyük işlər, xaricdən oraya idxal edilən malların dollar hesabına gerçəkləşməsidir: “Azərbaycanda əsas iqtisadi oyunçu dövlət sektorudur, ya birbaşa, ya da dolayısıyla dövlətə bağlı olan şirkətlərdir. Onların da bu sahədə investisiyaları artıb və xaricdən çox mal aldıqları üçün onlara dollar lazımdır. Yəni bunun hansısa ciddi makroiqtisadi səbəb və nəticələri olmayacaq. Sadəcə tələbatdı və vaxtaşırı baş verir. Ajiotajı daima qaldırırlar, səbəbləri yoxdur. Dünyada hansısa geosyasi vəziyyət dəyişsə, belə bir amil özünü göstərər. Bu dəqiqə belə bir təhlükəli vəziyyət var. Ancaq əksinə, belə bir hadisə baş versə, neftin qiymətinin bahalaşma ehtimalı daha çoxdur, nəinki düşməsi. Doğrudur, bizdə neft hasilatı azalır, ancaq qaz var”.
Günel CƏLİLOVA