Sabiq nazir Fransanın İsrail və Azərbaycana qarşı riyakar siyasətini tənqid etdi
Fransanın Azərbaycana və İsrailə qarşı riyakar mövqeyinin çox praqmatik olduğunu anlamaq lazımdır. Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ölkəsinin populyar nəşri “Times of Israel”də dərc olunmuş “Həmasın mənasız zorakılığına dünyanın zəif reaksiyası” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, İsrail Qərbin riyakar siyasətindən qaynaqlanan problemlərlə üzləşən yeganə ölkə deyil. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəyə raket hücumuna, müharibə bitdikdən sonra azərbaycanlı hərbi əsirlərə qarşı cinsi işgəncələrə və digər mənasız zorakılıq hallarına baxmayaraq, Qərbdə hələ də Ermənistana rəğbət bəsləyənlər əksəriyyət təşkil edir.
Məqalədə İsrail və Azərbaycanın təcavüzkarla mübarizələrində paralellərin olduğunu bəyan edən israilli analitik və yazıçı Peter Lukimsonun fikirləri də yer alıb: “Yadımdadır, 1990-cı ildə ovaxtkı “Vyaz” qəzetinin səhifələrində “Qarabağ və Fələstin: paralellər aparmaq təcrübəsi” adlı böyük məqalə dərc etmişdim. Onun fəsillərindən biri ona həsr olunub ki, Qarabağ və Fələstin münaqişələri arasında oxşar cəhətlər İsrail və Azərbaycanın informasiya müharibəsində daim uduzmasındadır. Təəssüf ki, həmin məqalədə deyilənlərin hamısı bu gün də aktualdır”.
Sabiq nazir, həmçinin qeyd edib ki, İsrail və Azərbaycana münasibətdə eyni üsullardan istifadə olunur: hamının gözü qarşısında baş vermiş həm tarixi, həm də yeni faktlar açıq şəkildə təhrif edilir və ya sadəcə nəzərdən qaçırılır, son nəticədə İsraili və Azərbaycanı niyyətli şəkildə mediada iblisləşdirirlər. Üzləşdikləri qərəzli münasibətdən həm İsrailin, həm də Azərbaycanın əziyyət çəkdiyini vurğulayan politoloq Fransanı buna ən bariz nümunə kimi göstərib: “Fransanın Azərbaycan və İsrailə qarşı riyakar mövqeyinin çox praqmatik olduğunu anlamaq lazımdır. Ermənistanın mövqeyini çox güclü erməni lobbisi, ərəblərin mövqeyini isə bu gün, səhv etmirəmsə, Fransa əhalisinin 20 faizindən çoxunu təşkil edən nəhəng ərəb icması dəstəkləyir. Hər ikisi fransız siyasətçilərinin, xüsusən də liberal solçuların gözardı edə bilməyəcəyi böyük bir seçici qüvvəsini təmsil edir. Yəni, necə deyərlər, şəxsi heç nə yoxdur”.
ZÜMRÜD