Səfiri Paşinyanın xahişi ilə Ermənistan-Azərbaycan sərhədində rus sərhədçilərin yerləşdirildiyini açıqladı...
Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bəyan edib.
«Mən hətta Ermənistan baş nazirinin şəxsi xahişi ilə 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün Rusiya hesabına Azərbaycanla sərhəd boyu yerləşdirilmiş müşahidə postlarımızdan da bəhs etməyəcəyəm», - Kopırkin Ermənistanın “24News” saytına müsahibəsində bildirib. O əlavə edib ki, Ermənistan «Rusiya müşahidə postlarının yerləşdirilməsini hüquqi cəhətdən qanuniləşdirməyə cəsarət etməyib».
Fevralın sonlarında Paşinyan bildirib ki, Rusiya FTX-nin sərhəd xidmətinin nümayəndələri Azərbaycan ilə sərhəddəki Sünik vilayətindəki Nerkin Hand yaşayış məntəqəsinin hissəsində olmaq üçün mandata malik deyillər. "Rusiya sərhədçilərinin olması üçün mandat və saziş yoxdur. Əgər bu o deməkdirsə ki, Rusiya sərhədçiləri orada təhlükəsizliklə bağlı heç bir funksiya həyata keçirə bilməzlər, güman edilir ki, bundan müəyyən nəticələr çıxarılmalıdır", - Paşinyan həmin vaxt parlamentdə deyib.
«Heç kəs Nerkin Hand sahəsinin Rusiyanın məsuliyyət zonasına daxil olduğunu bəyan etməyib», - baş nazir əlavə edib.
Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus sərhədçilərinin mövcudluğu olduğunu bildirib.
Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.
"Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - deyə Rusiya XİN bildirib.
TAHİR