Tarix yazan Vətən oğlu – Cəbrayıl Qasımov...
Cəbrayıl Baloğlan oğlu Qasımov 44 günlük haqq savaşımızda 30 il yağı tapdağında olan müqəddəs Vətən torpaqların azadlığı naminə son damla qanına qədər döyüşüb qəhrəmancasına şəhid olub. Masallının Ərəb kəndində dünyaya göz açan, ömrünün 24 yaşında vətənpərvərliyinin ən ali məqamına yetişən, xalqın qəhrəmanlıq simvoluna dönən Cəbrayıl Qasımovun adı indi şirin dillərdən düşmür. Bütün Azərbaycan onu özünə doğma bilir, onunla fəxr edir. Beləcə, qəlblərdə yaşamaqla heç vaxt unudulmur. Qərinələr ötdükcə yenə də Cəbrayılın şərəfli həyat yolu gələn nəsillərə örnək olacaqdır.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin işçiləri şəhid Cəbrayıl Qasımovun böyüyüb boya-çatdığı doğma ata ocağına baş çəkib, ailəsini ziyarət ediblər.
Ailə üzvləri ilə görüş zamanı kövrək xatirələr dilə gəlib. Bildirilib ki, doğma Vətəninə, torpağına ürəkdən bağlı olan elin sevimli oğlu Cəbrayıl orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi davam etdirib. Vətəni göz bəbəyi kimi qoruyub, ona ləyaqətli xidmət göstərməklə zabitlərin, əsgərlərin sevimlisinə çevrilib.
2016-cı ilin yanvar ayında üzüağ ordudan tərxis olunub. İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü şəkildə odlu-alovlu səngərlərdə yağıya qarşı vuruşub. Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsl mərdlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb. Masallının şəhid oğlu milyonların ürəyində özünə əbədi yer etməklə, hə də dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda” və digər medallara layiq olunub. Vətən, torpaq yolunda şəhid olmaq ən böyük şərəf və qürurdur. Məhz bizim Cəbrayıl öz qısa ömrünü belə yaşayıb. O, cismən aramızdan getsə də, mənən bizdən çox-çox ucada durur. Hara da bir günəş müqəddəsliyi var, sorağı oradan gəlir...
Sonra qonaqlar ailənin qayğı və ehtiyaclarını ətraflı öyrəndilər, onlara yardım bağlamaları təqdim edildi.
Qeyd edək ki, Cəbrayıl Qasımovun anası Masallı şəhər onbirillik incəsənət məktəbində çalışır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü