Hüquqi dövlət quruculuğu QHT çərçivələrini çoxdan aşıb...
Vətəndaş cəmiyyəti – cəmiyyətin inkşafının müəyyən pilləsində formalaşan insanların birliyi olub, özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.
İnkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkişaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.
Bəzən vətəndaş cəmiyyəti deyəndə yalnız QHT-lər başa düşülür. QHT- cəmiyyət, QHT -dövlət münasibətləri ölkəmizdə var və inkişaf edir. Hüqiqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinə aid olan başqa komponentlər də yaxından iştirak edir.
Vətəndaş cəmiyyəti özlüyündə çox geniş anlayışdır
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda müstəsna rola malikdir: “İstər hüquqi dövlət quruculuğunda qanun və qərarların müzakirəsi, onun ictimai təsirləri, istərsə də dövlət qurumlarının işində ictimai nəzarət funksiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin fəaliyyəti danılmazdır. Ümumi olaraq, demokratik cəmiyyətin formalaşmasında, ictimai maarifləndirmədə, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində vətəndaş cəmiyyətlərinin ciddi rolu var. Vətəndaş cəmiyyəti özlüyündə çox geniş anlayışdır.
Ümumi olaraq icmalar, qeyri-hökumət təşkilatları, təşəbbüs qruplarından formalaşan vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyəti dövlətin inkişafında, gücləndirilməsində çox vacib amildir. Vətəndaş cəmiyyətinin fəaliyyət sferası kifayət qədər genişdir. Bu gün üçün vətəndaş cəmiyyətinin fəaliyyətində ən aktual məqamlardan biri ictimai nəzarət funksiyasının həyata keçirilməsidir. Əvvəla, onu qeyd edək ki, hazırda bir çox dövlət qurumları yanında ictimai şuralar fəaliyyət göstərir. Onların fəaliyyətini bu və ya digər şəkildə mübahisələndirmək olar, amma bu mexanizmin işlək olması özlüyündə müsbət haldır. Belə ki, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması, inkişaf etməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlətin əsas prioritetlərindən biri olmalıdır. Azərbaycanda da bu istiqamətdə önəmli işlər görülür.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını təmin edib...
Arzuman Abdulkərimov hesab edir ki, vətəndaş cəmiyyəti deyəndə yalnız QHT-lər başa düşülməməlidir: “Dövlət quruculuğunun möhkəmləməsində QHT-lərlə yanaşı, digər təsisatlar, fəal insanlar da yaxından iştirak edir. Bunlardan ən vacibi əhalinin hüquqi cəhətdən maarifləndirilməsidir. Bilirik ki, hüquqi dövlət quruculuğu ilk növbədə əhalinin hüquqi biliklərinin artırılmasını nəzərdə tutur. Hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biri də ümumi əhali qrupunun hüquqi savadının yüksək olmasıdır. İkinci ən vacib məsələ mövcud qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının milli qanunvericilikdə daha etibarlı müdafiə mexanizmlərinin yaradılması, eyni zamanda, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı daha səmərəli işləməsinə nail olmaqdır. Dövlət bu istiqamətdə xeyli işlər görüb və görməkdədir”.
Görünən budur ki, mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafına maneçilik törədən hallar aradan qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib.
Nəticə etibarilə, sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan siyasət dövlətin demokratik inkişafını, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını təmin edib.
hüquqa arxalanmadan normal və səmərəli fəaliyyətdən danışmaq mümkün deyil və əbəs yerə deyil ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir.
Vətəndaşların hər biri də öz növbəsində üzərinə düşən məsuliyyəti dərk etməli, əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmalı, dövlət institutlarının sarsılmasına səbəb ola bilən, ölkədə anarxiya yarada bilən, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdır. Məhz qarşılıqlı etimad və məsuliyyət gücləndiyi təqdirdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunin arzu olunan inkişaf səviyyəsi haqqında danışmaq olar.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.