“Torqovı" restoranlarında ucadan Azan səsləri narazılığa səbəb oldu...
Tural Irfan: “Azan alver üçün müştəri çağırmaq aləti deyil dələduzlara…”
Bu ay hər bir müsəlman üçün xüsusilə önəmli və müqəddəs olan Ramazan ayıdır. Oruc tutanlar hər axşam iftar süfrəsi arxasında doğmaları ilə oturmağı, onlarla oruclarını açmağa bir növ adət ediblər.
Ancaq bəzən bu süfrə arxası ziyafətlər üçün insanlar paytaxt restoranlarına üz tuturlar. Bəzi restoranlar isə daha çox müştəti cəlb etmək üçün iftar zamanı yüksək səslə Azanı səsləndirir.
Bakının mərkəzi yerlərində, xüsusilə “Tarqovı”da fəaliyyət göstərən bir sıra məşhur restoranlarda Ramazan ayı ilə əlaqədar iftar zamanı yüksək səslə Azan verilir. Azan səsinin restoran xaricinə də yayılması vətəndaşların bir qisminin narazılığına səbəb olub. Hətta sosial şəbəkələrdə buna etiraz edənlər də var. Bildirilir ki, il boyu bu məkanlarda musiqi səslənib, Ramazan ayında Azan vermələri yalnız reklam üçün hesablanmış addımdır.
“Ömründə bir dəfə təharət almayan, kəlimeyi-şəhadətini bilməyən, evinin qibləsini tanımayan adamlar indi kafedə Azan oxudur?”
Mövzu ilə bağlı fikir bildirən ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, restoran, kafe Azan oxutmaq yeri deyil. İbadət üçün Azan, namaz üçün məscidlər var: “Kafedə Azan oxudanlar müştəri cəlb etmək üçün dindən istifadə edir. Bir növ dini alver alətinə çeviriblər. Bununla da onlar günah qazanırlar. Özlərini reklam edənlər də var. Yəni biz oruc tutmuşuq. Əgər başqalarını narahat edərsə bunun günahı daha çoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hansı restoranlarda Azan səslənirsə başqa vaxt yüz oyundan çıxırlar: “Yəni kasıbı - dilənçini qovurlar, bircə miskinə pulsuz çay da vermirlər. Qiymətləri beş qat qaldırıb camaatı aldadırlar. İndi guya Allahı aldadıb Cənnəti qazanmaq istəyirlər? Bu mümkün deyil. Minlərlə gözüyaşlı ac körpənin həsrət baxışları, minlərlə ac miskinin nəfsi var o restoranlarda. Dini oyuncaq edən bu cür restoran sahibləri barədə ölçü götürmək lazımdır. Hüquq-mühafizə orqanları gərək imkan verməsin. Azan alver üçün müştəri çağırmaq aləti deyil dələduzlara. İslam dininə görə Azan məsciddə oxunur. Restoran, bar, diskoteka, haramçılıq olan yerlər, adamların aldadıldığı, pozğun musiqilər, müğənnilər olan yerlərdə Azan oxutmaq İslamı təhqir etməkdir. Buna azad şəkildə yol vermək əqidə azadlığı yox, xalqın mənəvi dəyərlərini aşağılatmaqdır. Dərhal qarşısı alınmalıdır. Ömründə bir dəfə təharət almayan, kəlimeyi-şəhadətini bilməyən, evinin qibləsini tanımayan adamlar indi kafedə Azan oxudur? Bu, yolverilməzdir”.
Günel CƏLİLOVa