Metsamor AES-ə yatırımla bağlı Putin-Paşinyan razılaşması pozulur...
Ramil Hüseynov: “Fransanın Ermənistan üçün yeni enerji bloku tikmə ehtimalı daha böyükdür”
Bu günlərdə Soçidə Beynəlxalq “Atomekspo- 2024” forumunda “Rosatom”-un baş direktoru Yevgeni Salkov deyib ki, Ermənistan “Metsamor” AES-in fəaliyyəti 2036-cı ildən sonra da üzadıla bilər. Ancaq ilk növbədə Ermənistan buna qərar verməlidir ki, 2036-cı ildən sonra AES-lə bağlı nə etmək fikrindədir.
Bu arada Ermənistandan bu təklifə reaksiya gecikməyib. Ermənistan AES-in baş direktoru Eduard Martirosyan deyib ki, bizdə belə müzakirə getmir və Ermənistanın özünün yeni enerji blokları tikməyə vaxtı olacaq. Bu, faktiki Rusiyanın təklifindən imtina edilməsi deməkdir. Məsələ ondadır ki, 2022-ci ilin aprelində Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə 6 sənəd imzalanıb. Sənədlərdən biri enerji və qeyri-enerji layihələri sahəsində Ermənistan-Rusiya əməkdaşlığının hərtərəfli proqramıdır. Həmin proqramda “Metsamor” AES-in yenidən qurulmasına Rusiyanın maliyyə yardımı göstərməsi nəzərdə tutulub. Ancaq məlum olur ki, Ermənistan bunda maraqlı deyil və yeni enerji blokunun tikilməsində Rusiyanın iştirakını istəmir.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, ola bilərmi Rusiya “Metsamor” AES-in maliyyələşməsindən imtina etsin?
“Nə qədər ki Paşinyan hakimiyyətdədir, “Metsamor” AES-lə bağlı Rusiya ilə əməkdaşlıqdan yayınacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bunu istisna etmədi: “Bunu şərtləndirən başlıca məqam ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaq kursu götürüb. O baxımdan “Metsamor” AES-lə bağlı Ermənistanın alternativ axtaracağı istisna olunmur. Onsuz da Ermənistan bu yöndə çalışır. Məsələn, 2022-ci ildə ABŞ və Ermənistan arasında Mülki Nüvə Əməkdaşlığı üzrə memorandum imzalanıb. Həmin memoranduma görə, ABŞ “Metsamor”un fəaliyyəti ilə bağlı Ermənistana bütün lazımi texniki dəstəyi göstərə biləcəyini vəd edib. Ancaq hələlik bu realaşmayıb. Çox güman ki, Ermənistan “Metsamor”un modernləşdirilməsi ilə əlaqədar Fransa ilə müqavilə imzalayacaq. Çünki Fransanın AES-lərlə bağlı çox böyük imkanları var. Fransa kimi böyük iqtisadi imkanlara malik lkənin elektrik enerjisinə olan tələbatın 80 faizi AES-lər hesabına təmin edilir. Dünyada ən çox AES-ə sahib olan ölkə Fransadır. Üstəlik, Fransanın AES-lərlə bağlı texnoloji imkanları Rusiyadan daha üstün hesab olunur. O baxımdan hesab edirəm ki, Fransanın Ermənistan üçün yeni enerji bloku tikmə ehtimalı daha böyükdür. Çox güman ki, Ermənistan AES-in baş direktoru Eduard Martirosyan bunu nəzərdə tutaraq belə özünə inamlı danışır. Nəzərə alsaq ki, Fransa bütün vasitələrlə Ermənistanda öz təsir dairəsini genişləndirir və İrəvanla çox yaxın əlaqələrə malikdir, o baxımdan bu ehtimal böyükdür. Nə qədər ki Paşinyan hakimiyyətdədir, Ermənistan “Metsamor” AES-lə bağlı Rusiya ilə əməkdaşlıqdan yayınacaq”.
Vidadi ORDAHALLI