Azərbaycanda Günəş enerjisi istehsalının böyük artım dövrü başladı...
Akif Nəsirli: “Enerji istehsalındakı artımlar elektrik enerjisi qiymətinə təsir etməyəcək”
2024-cü ilin ilk 2 ayında Azərbaycanda Günəş enerjisi istehsalı kəskin artıb. Belə ki, bu dövrdə Günəşdən alınan enerji 6 dəfə artaraq 50,7 milyon kVt·st olub. Ötən ilin ilk 2 ayında cəmi 8,4 milyon kVt·st Günəş enerjisi istehsal olunmuşdu.
Bu ilin yanvar-ferval aylarında külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Ötən ilin ilk 2 ayında külək elektrik stansiyalarında 9,1 milyon kVt·st, digər mənbədə isə 39,0 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi?
“Elektrik enerjinin qiymətinin ucuzlaşması üçün ən azı alternativ enerji payı ümumi istehsalın 30-40 faizini keçməlidir”
Iqtisadçı Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimlənir. Elektrik satıcısı yalnız dövlət şirkətləridir. Qiymət də Tarif Şurası tərəfindən müəyyən olunur.
Ekspert hesab edir ki, enerji istehsalındakı artımlar elektrik enerjisi qiymətinə təsir etməyəcək: “Ancaq alternativ mənbələrdən alınan elektrik enerjisinin həcmi çox artarsa bu bu məsələ müzakirəyə çıxarıla bilər. Hazırda Azərbaycanda günəş enerjisi istehsalı 6 dəfə artıb. 6 dəfə artım isə bazarda elə də ciddi artım sayılmır. Elektrik enerjinin qiymətinin ucuzlaşması üçün ən azı alternativ enerji payı ümumi istehsalın 30-40 faizini keçməlidir. Bununla yanaşı, alternativ enerji istehsalı kütləviləşməlidir. Xarici ölkələrdə olduğu kimi, vətəndaşların özləri alternativ enerji istehsal etmək imkanına malik olmalıdır. Bu işdə marağı olan insanlar stimullaşdırılmalıdır. Məlumat üçün deyim ki, Avropa ölkələrində vətəndaşlar öz təşəbbüsü ilə Günəş paneli quraşdırır. Beləliklə, Günəş paneli vasitəsilə elektrik enerjisi alınır, istehsal edilir və qalanı da hökumətə satılır. Belə olan halda elektrik enerjisinin qiyməti aşağı düşür”.
Günel CƏLİLOVA