Diaspor təşkilatlarımızın fəaliyyəti ayrıca qanunla tənzimlənəcək...
Azər Allahverənov: “Xaricdə yaşayan soydaşlarımızla bağlı qanunvericiliyə dəyişiklik olunmalıdır”
“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi hazırlanır. Bu qanun layihəsi uzun müddətdir müzakirə olunur. Məlumdur ki, xaricdə yaşayan soydaşlarımız zamanla hüquqlarının müxtəlif formada pozulması ilə bağlı narazılıq edir.
Maraqlıdır, yeni qanun xaricdə yaşayan soydaşlarımızla bağlı məsələlərin həll olunmasına necə təsir edəcək?
“İndiki halda qanunun qəbulu həm pozitiv, həm də neqativ ayrıseçkilik kimi dəyərləndirilə bilər”
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici ölkələrdə yaşayan soydaşlarımız müxtəlif vaxtlarda çətinliklə üzləşib. Gürcüstan, Rusiya, İran, Ukrayna və digər ölkələrdən gələn və Azərbaycanda yaşayan soydaşlarımız üzləşdikləri problemləri öz icmaları vasitəsilə vaxtaşırı gündəmə gətirir. Onlar hər zaman da deyirlər ki, bizə qarşı münasibət bir qədər fərqli olmalıdır. Hətta soydaş anlayışı zamanında Azərbaycan Respublikasının vətəndaşı olmuş, sonradan gedib başqa bir ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə da şamil olunan bir məsələdir. Onlar da düşünürlər ki, soydaşlara münasibət fərqli olmalıdır və bu, qanunvericilikdə öz əksini tapmalıdır. Bununla bağlı ABŞ-dən, Almaniyadan və sair bizə müraciət edənlər də var. Bu səbəbdən də hesab edirəm ki, xaricdə yaşayan soydaşlarımızla bağlı qanunvericiliyə dəyişiklik olunmalıdır”.
Ekspertin sözlərinə görə, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi ilə bağlı uzun müddətdir ki, müəyyən proseslər gedir. Bu proseslərlə bağlı ortaq məxrəcə gəlinməlidir: “İndiki halda qanunun qəbulu həm pozitiv, həm də neqativ ayrıseçkilik kimi dəyərləndirilə bilər. Pozitiv ayrıseçkilik dedikdə ayrı-ayrı soydaşlarla bağlı güzəştin müəyyən olunmasıdır. Bu da müəyyən mənada digər kateqoriyadan olan miqrantların narazılığına səbəb ola bilər. İstənilən halda qanunvericilikdə həmin güzəştlər təsbit edilibsə, buna uyğun qaydalar və davranışlar tənzimlənməlidir. Hazırda bu yoxdur və hamıya eyni münasibət bəslənilir. Heç bir pozitiv və neqativ diskriminasiya halı yoxdur. Çoxsaylı müracitələr nəzərə alınaraq “Xaricdə yaşayan soydaşlar və diaspora təşkiları” haqqında qanun layihəsi hazırlanaraq müzakirəyə çıxarılıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, indiki halda ölkə ərazisində olan istənilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibət miqrasiya qanunvericiliyi ilə tənzimlənir. Burada hər hansı ayrıseçkiliyə yol verilimir.
Günel CƏLİLOVA