Avroittifaqın xüsusi nümayəndəsi Bakı-İrəvan sülh prosesinə fitnəkar müdaxilə etdi...
Qulamhüseyn Əlibəyli: “Klaar elə açıqlama ilə çıxış edir ki, sanki məsələnin mahiyyətindən xəbərsizdir”
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi “Azərbaycan mediasında Ermənistanın ünvanına təhdidləri qəbuledilməz” adlandırıb. “Sərhədlərin delimitasiyası üzrə real danışıqlar lazımdır və bütün ərazi mübahisələri sülh yolu ilə və razılaşdırılmış proses çərçivəsində həll edilməlidir”, - Klaar öz Tvitter hesabında yazıb.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Toyvo Klaarı “Ermənistan KİV-də qanunsuz işğalın davam etdirilməsi uğrunda mübarizəyə çağırışlara tamamilə məhəl qoymayaraq, Azərbaycan kəndlərinin qaytarılması barədə legitim diskursda bədxahlıq” görməkdə ittiham edib.
Burada diqqət çəkən və qərəz doğuran məqam odur ki, Klaar öz statusunda Azərbaycanın işğal altında olan 8 kəndindən bir kəlmə də danışmır, amma məsələni sülh yolu ilə həll etməyə çağırır. Üstəlik, Azərbaycanı Ermənistanı təhdid etməkdə günahlandırır.
“Avropa İttifaqında bəzi dairələr Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Klaarın açıqlaması obyektivlikdən uzaqdır: “Avropa İttifaqı rəsmiləri daim Azərbaycana qərəzli mövqedən yanaşıblar. Deməzdim ki, bütün Avroittifaq rəsmiləri bu mövqedən çıxış edir, amma bir çoxları məsələyə belə yanaşır. Onların başında da Jozep Borrel dayanır. Baxmayaraq ki, Klaar bir qədər tərəfsizdir, amma o, bir neçə dəfə çıxışlarında obyektivlikdən kənara çıxıb. Azərbaycanı bu və ya digər formada ittiham etməyə çalışırlar. Ancaq unudurlar ki, Azərbaycan 30 il ərzində işğala məruz qalıb. Unudurlar ki, Azərbaycan 1994-cü ilin mayında əldə olunan atəşkəsdən sonra sülh yolu ilə ərazilərini azad edə bilməyib. O zaman işğalın uzanması ilə əlaqədar Avropa təsisatları narahat olmadılar. Ancaq təcavüzə məruz qalan Azərbaycan beynəlxalq hüquqa söykənərək güc yolu ilə ərazilərini azad edəndən sonra Avropa qurumları əl-ayağa düşdülər. Hər fürsətdə Ermənistanı müdafiə etməyə çalışdılar. Klaar elə açıqlama ilə çıxış edir ki, sanki məsələnin mahiyyətindən xəbərsizdir. Elə saxta rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan Ermənistana genişmiqyaslı hücuma hazırlaşır. Ona görə də onun dediklərinin heç bir əsası yoxdur. Onsuz da Azərbaycana qarşı dəfələrlə təhdid xarakterli fikirlərlə çıxış ediblər. Avropa qurumları beynəlxalq hüquqa önəm versəydilər, Azərbaycan əraziləri uzun illər işğal altında qalmazdı. Görünən odur ki, Avropa İttifaqında bəzi dairələr Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilmir. Azərbaycan ərazilərini işğaldan azad etməklə yanaşı, 8 kəndi də geri qaytarmaq istəyir. Çünki həmin kəndlər bizə məxsusdur. Hələ ki, biz bunu sülh yolu ilə qaytarmağa çalışırıq. Ancaq bu nəticə verməsə, o zaman biz bunu güc yolu ilə edə bilərik. Çünki bizim buna hüququmuz var. Avroittifaq toqquşmaların baş verməsini istəmirsə, o zaman Ermənistanı işğala son qoymağa məcbur etməlidir”.
Vidadi ORDAHALLI