Pensiyaçıların sayı 1 ildə 18 min nəfər azalıb - cavabını gözləyən suallar var...
Xalid Kərimli: “Pensionerlər dünyasını dəyişdikcə daha az insanın pensiya hüququ formalaşır”
Azərbaycanda pensiyaçıların sayı azalır. 2024-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.
2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən il yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub. Yəni 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb. Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub. Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Qeyd edək ki, pensiya ilə bağlı məsələlər bu gün ölkədə ən aktual mövzulardan biridir. İstər pensiya yaşı, istər pensiya kapitalı, pensiyanın birdəfəlik varisə ödənilməsi məsələsi davamlı müzakirə olunsa da, bu istiqamətdə elə bir ciddi dəyişiklik yoxdur. Pensiyaçıların sayının isə ötən ilə nisbətən azalması da bu qəbildən olan problemlərdəndir.
“Pensiya yaşının artırılması ona gətirib çıxarır ki, indiki qanunvericilik ölkə əhalisinin daha az hissəsi üçün pensiya hüququ formalaşdırır”
Pensiyaçıların sayının nə səbəbdən azalması barədə fikir bildirən iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2017-ci ildən Azərbaycanda pensiya qanunvericiliyi dəyişdirildi. Kişilərin və qadınların pensiya yaşı artırılaraq 65-ə çatdırıldı. Kişilərdə bu proses artıq yekunlaşıb. Onlar 65 yaşında pensiyaya çıxırlar. Qadınlarda isə hər il 6 ay artırılmaqla 2027-ci ilə qədər proses yekunlaşacaq: “Təbii ki, bu proseslər pensiyaçıların sayına təsir edir. Pensiya yaşının artırılması ona gətirib çıxarır ki, indiki qanunvericilik ölkə əhalisinin daha az hissəsi üçün pensiya hüququ formalaşdırır. Onu da deyim ki, ölkəmizdə orta yaşam müddəti 74 ildir. Yəni insanlar pensiya yaşına çatandan sonra 8-9 il pensiya ala bilirlər. Orta yaşam müddəti artmadığına baxmayaraq pensiya yaşı artırılıb. Ona görə də təbii surətdə pensionerlər dünyasını dəyişdikcə daha az insanın pensiya hüququ formalaşır. Bu səbəbdən də pensiyaçıların azalması prosesi baş verir. Bu da normal haldır”.
Günel CƏLİLOVA