Ukraynaya qoşun göndərilməsi təhlükəli eskalasiyanın başlanğıcı olacaq - İtaliyanın Baş naziri Makronu tənqid etdi
İtaliyanın Baş naziri Corcia Meloni Qərb qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləmir-bu haqda “Bloomberg” yazır.
“Bizim mövqeyimiz Fransanın təqdim etdiyi və təhlükəli eskalasiyanın başlanğıcı olacaq təkliflə üst-üstə düşmür. Nəyin bahasına olursa olsun bunu aradan qaldırmalıyıq” – Corcia Meloni açıqlayıb.
“Bloomberg”in yaydığı xəbər üzrə, Meloni Almaniya kansleri Olaf Şoltsa daha qətiyyətli mövqe nümayiş etdirməsi üçün təzyiq edən Fransa Prezidenti Emmanuel Makronu tənqid edib və Rusiyanın Avropa İttifaqı üçün yaratdığı “ekzistensial” təhlükə barədə xəbərdarlıq edib.
Bundan əlavə, İtaliyanın Baş naziri qeyd edib ki, Rusiya Prezidenti Vladimer Putinlə danışıqlar faydasızdır.
“Heç vaxt heç bir razılaşmaya hörmət etməyən biri ilə danışıqlar masası arxasında necə əyləşə bilərsiniz?” – Corcia Meloni qeyd edib.
Məlumat üçün bildirək ki, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi istisna deyil”.
ZÜMRÜD