Azərbaycan alimləri Nizami Gəncəviyə həsr olunmuş Urmiyyə konfransına görə İrana etiraz məktubu göndəriblər
“İran mətbuatında verilən məlumatlardan konfrans iştirakçılarının məkrli niyyətləri açıq-aydın görünməkdədir”
“Yazıqlar olsun, bu gün dil problemini siyasiləşdirən, “fars dilində yazıbsa, mənimdir”,- deyərək milli təfriqə salmağa can atan aciz oyunçulara!”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsində AMEA-nın müxbir üzvü, görkəmli Nizamişünas Nüşabə Araslının rəhbərliyi və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş Urmiya konfransına etiraz məktubu hazırlanıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsindən baki-xeber.com-a verilən məlumata görə, N.Gəncəvi ilə bağlı İranda belə bir konfransın keçirilməsi Azərbaycan Nizamişünaslarının, ədəbiyyatşünaslarının, ziyalılarının narazılığına səbəb olub.
Sözügedən etiraz məktubunda bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları və Nizamişünaslıq şöbəsinin bütün elmi heyəti 2024-cü ilin fevral ayının sonunda İran İslam Respublikasının Urmiya Universitetində “İranın hikmət xəzinəsi - Nizami” adı altında keçirilən üzdəniraq konfransa qarşı öz açıq etirazlarını bildirirlər. “Konfransın təşkilatçı qurumları olan İranın Qərbi Azərbaycan üzrə Mədəniyyət İdarəsi və Urmiya Universiteti heç bir elmi əsası olmadan Nizami Gəncəvini mənsub olduğu Azərbaycan torpağından, şairin doğulduğu Gəncə şəhərindən ayıraraq, süni şəkildə İrana bağlamağa çəhd ediblər. Həmin qurumlar elmi etikaya əməl etmədən, Azərbaycan və İran xalqları arasında əsrlərlə mövcud olan siyasi-ictimai və elmi-ədəbi əlaqələri nəzərə almamış və dostluq və qonşuluq münasibətlərinə bilərəkdən xələl gətirmişlər.
Təşkitatçılar XII əsrdən başlayaraq, əsrlər boyunca təxəllüsü və nisbəsi dünyada - Nizami Gəncəvi- olaraq tanınan məşhur Azərbaycan şairinin haqqını pozmuş və bununla da Beynəlxalq müəlliflik hüququnun qorunması qanunlarına zidd hərəkət etmişlər.
Nizami Gəncəvi əsərlərində həm öz adını, həm də doğulduğu qədim Azərbaycan şəhəri olan Gəncənin adını əbədi yaşatmışdır və nəslini-nəcabətini Gəncədən ayrı təsəvvür etməmişdir. Orta əsrlər boyu Nizami Gəncəvinin “Xəmsə” mövzularını davam etdirən tanınmış Şərq müəllifləri də onu “Gəncəli ustad”, “Gəncə xəzinadarı”və “Gəncənin söz sehrkarı” adlandırmışlar”-deyə etiraz məktubunda qeydolunur.
Məktubda qeyd olunana görə, tədqiqatlar sübut etmişdir ki, Nizami Gəncəvi ömrü boyu Gəncədə yaşamış, onun atası Yusif, babası Zəki Müəyyəddin də Gəncədə doğulub fəaliyyət göstərmişlər: “Hazırda da Gəncə şəhərində Nizami Gəncəvinin nəslinə mənsub olan mülklər və başqa tikililər vardır. Nizami Gəncəvinin özünün və onun atasının, anasının qəbirləri də Gəncə şəhərindədir.
İran mətbuatında verilən məlumatlardan konfrans iştirakçılarının məkrli niyyətləri açıq-aydın görünməkdədir. Məsələn, İranın Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin Baş direktoru deyib: Nizami Gəncəvi İran mədəniyyətinə aiddir və İran milli kimliyinin dirçəldilməsinə xüsusi diqqət yetirilməlidir. Sual olunur: İran özünün fars milli kimliyini Ənvəri, Gürgani, Firdovsi, Sənai, Sədi, Hafiz kimi onlarla dünyaşöhrətli şairlərilə dirçəldə bilmirmi? Bunun üçün Azərbaycan türkü olan və Türk milli kimliyini dünyaya car çəkən Nizami Gəncəvinin mənşəyini süni şəkildə təhrif etməkmi lazımdır? Əgər onlar dil faktorunu əsas gətirirlərsə, XI əsrdən başlayaraq hind, əfqan, özbək və türk şairləri də öz əsərlərini dünyaya yaymaq məqsədilə həmin dövrün ədəbi ənənəsinə uyğun olaraq saray dili olan fars-dəri dilində yazmışlar. Bu o demək deyildir ki, Nizami Gəncəvi türkcə əsərlər yazmamışdır. Nizami Gəncəvinin, onun müasirlərinin və ardıcıllarının doğma ana dilində yazdıqları şeirlər məqsədli şəkildə gizlədilmiş və ya məhv edilmişdir. Dahi Nizami Gəncəvi türk dilində əsərlər yazdığını açıq-aşkar bəyan edərək yazmışdır:
Torkiyəm ra dər in həbəş nə xərənd
Lacərəm, doğba-ye xoş nə xorənd
(Mənim türkcəmi bu Həbəşdə almırlar, təəssüf ki, xoş dovğanı yemirlər).
Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında Şirvanşah hökmdarı Axsitana verdiyi kəskin cavab da onun türkcə əsərlər yazdığını aydın şəkildə nümayiş etdirir. Şərqin müxtəlif ölkələrinin kitabxanalarında Nizami Gəncəviyə aid olan türkcə şeirlər vardır. Azərbaycan alimləri artıq bu qəbildən olan qiymətli əlyazmaları əldə ediblər.
İran rəsmilərindən və elm adamlarından fərqli olaraq, görün, orta əsrlərdə türk hökmdarları necə bir yüksək bəşəri dünyagörüşlü şəxsiyyətlər olmuşlar ki, onlar başçılıq etdikləri ərazilərdə dil siyasəti aparmamışlar. Türk Samanoğullarının dövründə Rudəkinin fars dilində yazdığı poeziyanın gözəlliyini sonrakı hökmdarlar əsrlərlə qorumuşlar. Onlar xəyallarına belə gətirməmişlər ki, zaman gələcək, fars dilli poeziya siyasət oyunçularının əlində süni bir alətə çevriləcəkdir. Yazıqlar olsun, bu gün dil problemini siyasiləşdirən, “fars dilində yazıbsa, mənimdir”,- deyərək milli təfriqə salmağa can atan aciz oyunçulara! Orta əsrlərdə Avropada yaşayıb – yaradan çoxsaylı şairlərin və yazıçıların əsərlərini latın dilində yazmaları, yaxud keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaları təmsil edən müxtəlif millətlərə mənsub olan sənətkarların bədii əsərlərini rus dilində yazmaları heç bir əsas vermir ki, onların milli kimliyi danılsın.
İranın Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin Baş direktoru Əlirza Novruzinin konfransın bağlanışında “Nizami Gəncəvi İran mədəniyyətinə aiddir və biz qayğı göstərməsək, mədəniyyətimiz əlimizdən alınacaq” - söyləməsi hiddət və təəccüb doğurur. Ona üzümüzü tutub deyirik: “Nizami Gəncəvi də, onun doğma Gəncə şəhəri də Azərbaycanın göz bəbəyidir”. Artıq bütün dünya yaxşı bilir ki, Nizami Gəncəvi böyük Azərbaycan şairidir.
Ona görə də süni şəkildə Nizami Gəncəvinin milli kimliyi haqqında yanlış məlumatlar yaymaq İran İslam Respublikası ilə aramızda mövcud olan çoxəsrlik elmi-ədəbi və mədəni əlaqələrimizə zərbə vurmaqdan başqa bir şey deyildir”.
Etiraz məktubunu AMEA-nın müxbir üzvü, Nüşabə Araslı, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru Fəridə Əzizova, filologiya elmləri doktoru Ataəmi Mirzəyev, filologiya elmləri doktoru Almaz Binnətova, filologiya elmləri doktoru Xuraman Hümmətova, filologiya elmləri doktoru Ülkər Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasani, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Yelena Teer, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülçin Babayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Leyli Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, elmi işçi Hürnisə Bəşirova, elmi işçi Samirə Əliyeva, elmi işçi Məsumə Nuriyeva və elmi işçi Lalə Paşayeva imzalayıblar.
İradə SARIYEVA