“Realpolitika” barədə Bakı forumunda çox dəyərli mübahisə yarandı...
Yəhya Babanlı: “Real siyasətin prinsiplərinə həm nəzəri, həm də praktik yanaşma sərgilənməlidir”
XI Qlobal Bakı Forumunun ikinci panel iclasında “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı məlum olub ki, realpolitiki bəziləri qəbul edir, bəziləri etmir. Buna fərqli yanaşmalar var.
Panel iclasına moderatorluq edən Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin fikrincə, Azərbaycanın idarəçilik, mürəkkəb bir vəziyyətdə manevr etmək bacarığı ölkəmizin, eyni zamanda, beynəlxalq səviyyədə də öz səylərini əsirgəmədiyini ortaya qoyur. O bildirib ki, Azərbaycan planetin gələcəyi ilə bağlı xüsusi töhfəyə malikdir.
Panel iclasında çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç bildirib ki, Ukrayna və Qəzzada olan müharibələr realpolitikin qayıdışının vacibliyini ortaya çıxarır: “Beynəlxalq aləmdə realpolitikin alətləri işlək olmalıdır, əks halda, hazırkı vəziyyət tənəzzülə səbəb olacaq və həmin tənəzzül daha da dərinləşəcək”.
Xarici işlər naziri Ceyhun Bayramov çıxışında hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda, öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının Beynəlxalq təşkilatlar üzrə sabiq baş direktoru Hyu Duqan çıxışında bildirib ki, realpolitikdən irəli gələn idealizm daha çox tələyə oxşayır. Bu, dünyanı avtoritar rejimdə işləməyə məcbur edir.
Latviyanın sabiq Prezidenti Valdis Zatlers isə birtərəfli realpolitikin dəyişməli olduğunun vacibliyini diqqətə çatdıraraq deyib: “Bu, balanslaşdırılmış şəkildə olmalıdır. Realpolitiki balanslı şəkildə istifadə etməliyik”.
Bütün bu deyilənlərin fonunda, ekspertlərin realpolitiklə bağlı dəyərləndirməsi nədən ibarətdir?
“Hətta yeni dünya düzənində regional təşkilatlara da yer verilə bilər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı buna bir neçə prizmadan yanaşdı: “Əvvəla, Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə gerçəkləşən XI Qlobal Bakı Forumu olduqca əhəmiyyətli tədbirdi. Forumun adı və panel mövzular həssas və sərrast seçilib. “Parçalanmış dünyanın bərpası” bu gün siyasi texnoloqlar üçün ən aktual məsələdir. Bu problem həll edilməyənədək “Dünya Evi”ndə təhlükəsizlik, əminamanlıq və sülhdən danışmaq çətinlik yaradacaq. Hər bir panel bu xüsusda öz töhfəsini verməyə çalışır. “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusundakı müzakirələr nizamsızlığa qarşı arqument və faktlara söykənir. Natiqlər fərqli yanaşmaları ilə düşündürür və təkliflər səsləndirir. Qənaətimiz ondan ibarətdir ki, dünyaya baxışın arxitekturası dəyişməli, BMT-nin strukturu yenilənməlidir. BMT Təhlükəsizlik Şurası genişləndirilməli və bu qurum nizamnaməsi çərçivəsində obyektiv şəkil almalıdır. Baş verən proseslər kontekstində real siyasətin prinsiplərinə həm nəzəri, həm də praktik yanaşma sərgilənməlidir. Biz daha çox geridönüşə deyil, irəliyə doğru gedən proseslərə fokuslanmalıyıq. Yeni metod üzərində işləməliyik. Artıq bəşəriyyət elə bir dövrə qədəm qoyub ki, əvvəki zamanla indikini müqayisə etmək çətindir. Elm və texnologiyanın inkişafı, ən əsası internet resursları və sosial şəbəkələrin geniş vüsət alması müasir beynəlxalq münasibətlər sisteminə SMART yanaşmanı tələb edir. Belə olduğu halda, realpolitikada nə isə gözləmək olar. Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının BMT TŞ-də təmsil olunması dünyanın siyasi konfiqurasiyasını müsbət mənada dəyişə bilər. Bir sözlə, “ağıllı” çoxqütblü dünya nizamı formalaşdırılmalıdır. Ərazi və hərbi gücə söykənən sistemlər intellektual potensialla əvəzlənməlidir. Hətta yeni dünya düzənində regional təşkilatlara da yer verilə bilər. Məsələn Türk Dövlətləri Təşkilatına və s.”.
Vidadi ORDAHALLI