Makronun avantüraları davam edir - Odessaya, sonra Ermənistana qoşun çıxaracaq...
Elşad Həsənov: “Boşboğazlıq edərək, Makron öz sinəsini qabağa verir”
Fransanın ordu bölmələri Rumıniyaya, oradan da Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya, daha dəqiqi, Odessaya göndərilir. Bu barədə “FranceNews24” məlumat yayıb. Döyüşə göndərilən bölmələr arasında 2-ci Xarici Piyada Alayının adı xüsusi vurğulanır.
Fransa Rusiya qarşısında bu risqə gedib açıq oyun nümayiş etdirirsə, onda belə çıxır ki, bənzər addımı Ermənistanla bağlı da atıb, ora da qoşun yeridə bilər? Çünki Ermənistana bacılıq edən ölkə hər vəchlə bu bölgədə də müharibənin olmasında maraqlıdır. Belə çıxır ki, Makron öz avantüraları ilə həm də Avropanın təhlükəsizliyini təhdid altına salır?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son dövrlər Fransa prezidenti Makronun bəyanatları, NATO-nun Ukraynaya kömək edəcəyi haqqında təsdiqlənməmiş məlumat yayması onun necə məsuliyyətsiz siyasətçi olduğunu ortaya qoyur. Çünki heç bir NATO ölkəsi öz əsgəri qüvvəsinin Ukraynaya göndərilməsinə razı deyil. Məlumdur ki, Fransa özü bunu etmək istəyir və hətta Rumınıya, oradan da Odessaya göndərmək barədə xəbərlər yayılıb. Ancaq Avropada özünü lider sayan Makronun Ukraynaya göstərdiyi yardımlar Avropa ölkələrində ilk beşlikdə deyil, 15, 16 - cı sıralardadı. Fransa kimi böyük bir dövlətin Ukraynaya yardımı çox gülünc vəziyyətdədir. Fransadan qat - qat kiçik Baltikyanı ölkələr Ukraynaya Fransadan bir neçə dəfə artıq yardımlar edib. Yəni boşboğazlıq edərək, Makron öz sinəsini qabağa verir. Əslində isə heç nə etmir. Makron son dövrlər Moldovaya, Ermənistana da silah - sursat göndərir. Həmin silah - sürsat bu gün Ukrayna üçün daha vacibdir. Zelenski özü də NATO - ya müraciət edərək döyüş sürsatları, raketlər və maddi yardımlar tələb edib. Ancaq Makron başqa işlərlə məşğuldur. Şübhəsiz ki, belə bəyanatlarla Makron Avropada müharibə olacağını göstərir. Makron bildirdi ki, Rusiya, Kreml rejimi Fransanın rəqibidir. Bizim əsas məqsədimiz Rusiyanın qələbə qazanmamasıdır. Çünki o qələbə qazansa, Avropa təhlükə qarşısında olacaq. Bu haqda tək Makron yox, digərləri də belə bəyanatlar səsləndirirlər. Son dövrlər də Rusiyanın artan hücumlarından, Ukraynanın müəyyən yaşayış məntəqələrini ələ keçirməsindən, xüsusən də Amerikanın vəd etdiyi yardımlardan sonra bunlar baş verir. Doğrudan da, yaxın zamanlarda üçüncü dünya müharibəsinin de-yure başlanacağı gözlənilir. Çünki ruslar Ukraynanın digər ərazilərini də ələ keçirsələr, Ukrayna məğlub olsa, bu məğlubiyyət eyni zamanda NATO - nun, Amerikanın məğlubiyyəti olacaq. Ona görə də bu yaxın zamanlarda Avropa ölkələri və Amerika Ukraynaya daha çox yardımlar edəcəklər ki, Ukrayna məğlub olmasın. Ermənistana qoşun yeridə bilərmi? Bəli, belə görünür ki, onlar Rusiyanı Ermənistandan çıxarmaq üçün qoşun yeridə bilər. Artıq müşahidə missiyasının sayını artırıblar. Hissə - hissə silah - sürsat, piyada maşınları gətirirlər. Eyni zamanda Hindistanın da zenit raketləri artıq Ermənistandadır. Yəni bütün bunlar hamısı məhz Azərbaycana qarşı yox, eyni zamanda rus qoşunlarının Ermənistandan çıxarılmasına qarşı aparılan hazırlıqlardır. Çünki Paşinyan hakimiyyəti qarşısında şərt qoyulub ki, Rusiya Ermənistandan çıxarılmalıdır. Bunu da ən çox edən Fransa, Makron hakimiyyətidir. Ermənistanda Rusiyaya qarşı ikinci bir cəbhə açılsa, bu, Rusiya qüvvələrinə ciddi zərbə olacaq. Ancaq inanmıram ki, bundan Azərbaycana qarşı da istifadə etsinlər. Çünki Fransa belə bir risqə gedə bilməz. Onlar bilir ki, Azərbaycanın strateji müttəfiqi qardaş Türkiyə yanımızdadır, kənarda qalmayacaq və müharibəyə qoşulacaq. Bu isə Fransanın, Ermənistanın məğlubiyyəti, NATO ölkələrinin bir-biri ilə müharibə aparması və NATO - nun dağılması deməkdir. Mən hesab etmirəm ki, Fransa Ermənistana qoşun gətirib, Azərbaycana qarşı hücum etdirəcək. Xeyir, elə şey edə bilməzlər. Qoşun gətirsə də, Ermənistanda olan Rusiya qüvvələrinə qarşı bu addım atıla bilər. Ona görə də, yaxın zamanlarda müharibənin, beynəlxalq vəziyyətin daha da gərginləşəcəyi gözlənilir”.
Məhəmmədəli QƏRİBLİ