İrəvan Aİ-nin 2.6 milyardlıq paketindən 550 milyon avro aldı, Azərbaycana 1 avro da yoxdur...
Aydın Hüseynov: “Bununla Avropa İttifaqı açıq şəkildə ədalətsizlik edir və ikili standartlardan çıxış edir”
Avropa İttifaqının Ermənistandakı nümayəndəsi Vasilis Maraqos bildirib: “Avropa İttifaqının iqtisadi və investisiya proqramı çərçivəsində Ermənistana nəzərdə tutulan 2,6 milyard avroluq dəstək paketinin 550 milyonu artıq ayrılıb”.
Məlumat üçün qeyd edək ki, Avroittifaq həm də Azərbaycan üçün 2,2 milyard avroluq dəstək paketi nəzərdə tutub. Ancaq indiyə qədər 1 avro belə ayrılmayıb. Halbuki, Avroittifaqın şərti belə idi ki, sülh sazişi imzalanandan sonra bu vəsaitlər iki ölkəyə veriləcək. Sülh sazişi imzalanmadığı halda Ermənistana 550 milyon avro ayrılıb. Bütün bunlar bir daha Aİ-nin Azərbaycana münasibətdə ədalətsiz siyasət yeritdiyinin növbəti göstəricisidir.
“Bu, heç də Ermənistanda islahatlara dəstək verilməsi məqsədi daşımır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Aydın Hüseynov hesab edir ki, bu, Avroittifaq timsalında ikili standartların göstəricisidir: “Görünən odur ki, bununla Avropa İttifaqı açıq şəkildə ədalətsizlik edir və ikili standartlardan çıxış edir. Çünki mövcud şərtlərə əsasən, hər iki ölkəyə investisiyalar eyni vaxtda ayrılmalı idi. Avroittifaqın Ermənistana 550 milyon avro ayırması, Azərbaycanla bağlı heç bir addım atmaması bir daha Aİ-nin Azərbaycana münasibətdə ədalətsiz siyasət yeritdiyinin göstəricisidir. Bunu görməmək mümkün deyil. Avropa İttifaqının Ermənistana münasibətdə inanılmaz səxavətlilik nümayiş etdirməsi heç də bu ölkədə islahatlara dəstək verilməsi məqsədi daşımır. Ermənistanda məmurların korrupsiyaya bulaşdığı barədə geniş məlumatlar var. Bu ölkədə son vaxtlarda baş tutan həbslərin də böyük əksəriyyəti məhz rüşvət qalmaqalları ilə bağlı olub. Ötən ay bu ölkənin iqtisadiyyat naziri korrupsiya ittihamı ilə vəzifəsindən azad olunub. Üstəlik, digər vəzifəli şəxslər barəsində də araşdırma aparılır. Orduda əsgərlərin adi ehtiyaclarının qarşılanmasına ayrılan kiçik büdcə də generallar tərəfindən mənimsənilir. Digər sahələrdə də vəsaitlər silinir. Bunlar Ermənistanın real mənzərəsini əks etdirir. Ona görə də, Aİ heç də Ermənistanda inkişaf proqramlarını maliyyələşdirmək məqsədi güdmür. Əslində Aİ bölgədə Ermənistanı öz nəzarətində saxlamaq, bölgəyə müdaxilə etmək, sülhü pozmaq məqsədi güdür. Bu isə Ermənistana daha çox zərər verə bilər. Çünki Ermənistanın nicatı Türkiyə və Azərbaycanla birgə əməkdaşlıq və inteqrasiyadan asılıdır”.
Vidadi ORDAHALLI