Avroparlament Azərbaycanın acığına Ermənistana daha bir dəstək qərarı verdi...
Turab Rzayev: “Biz görürük ki, Aİ Ermənistanın təsiri ilə Azərbaycanla qarşıdurma yolunu seçir, ortaq mövqeyə gəlmək istəmir”
Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsinin mümkünlüyü ilə bağlı qətnamə qəbul edib. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qətnamənin lehinə 504, əleyhinə 4 deputat səs verib.
32 deputat isə bitərəf qalıb. Qətnamədə deyilir:
“Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar, demokratiyasını möhkəmləndirmək yolunda davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni mərhələ ola bilər”.
Avropa İttifaqının Ermənistana belə ərköyün yanaşması, Azərbaycana isə qərəzli mövqeyi nədən xəbər verir?
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla bağlı daha əvvəllər də mətbuata açıqlamalar verilib: “Orada konkret şəkildə bildirmişdim ki, Avropa İttifaqı heç bir halda Gürcüstanı Ermənistansız qəbul etmək istəməyəcək. Burada Ermənistana da eyni imkani verməyə çalışacaqlar. Azərbaycanla sülh müqaviləsi bağlamasına və Rusiya ilə münasibətlərinin mümkün qədər normallaşmasına uyğun olaraq, Ermənistana eyni təklifi edəcəklər. Hətta mümkündür ki, Ermənistanı Gürcüstandan da qabağa salsınlar. Burda iki fərqli məsələ var. Bilirsiz ki, Ermənistan xristian bir dövlətdir və Avropa İttifaqının məsələyə dini nöqteyi-nəzərdən baxması bizim üçün yenilik deyil. İkinci məsələ ondan ibarətdir ki, Avropa İttifaqının Cənubi Qafqazla bağlı strategiyası orada möhkəmlənmək və Rusiyanı ordan çıxarmaqdan ibarətdir. Daha sonra isə Mərkəzi Asiyadan körpü kimi istifadə etmək istəyir. İlkin mərhələ kimi isə Rusiyanın Cənubi Qafqazdan qovulmasına, özünün orada möhkəmlənməsinə cəhd edir. Ona görə də, bütün bunların kökü Ermənistana bağlıdır. Strateji nöqteyi-nəzərdən də Ermənistanı Qərbə cəlb etmək, Rusiyadan uzaqlaşdırmaq istəyirlər. Hətta mən Ermənistanla Gürcüstana namizədlik məsələsinin eyni anda təklif ediləcəyini gözləyirdim. Ola bilsin ki, Ermənistanın KTMT üzvü olması, Rusiya ilə yaxın olması və başqa məsələlərə görə bu vəziyyət səngiyib. Burdan bəlli olur ki, Ermənistana müəyyən qədər Rusiyadan uzaqlaşmaq şərti qoyublar, o da bunu yerinə yetirdiyinə görə açıq şəkildə bu barədə danışılır. Bunlar hansı şərtlərdir? KTMT - dəki üzvlüyün dondurulması və Paşinyanın hava limanından rus sərhədçilərinin çıxarılmasıdır. Mən düşünürəm, Paşinyana çatdırıblar ki, həm NATO-da olmaq, həm NATO-nun olduğu Şimali Atlantikaya inteqrasiya etmək, həm də Ukrayna ilə müharibə şəraitində olan Rusiyanın KTMT blokunda olmaq yolverilməzdir. Bəlkə də, Qərbin qoyduğu tələbdir ki, Paşinyan KTMT - dəki üzvlüyünü dondurur. Aydın məsələdir ki, Avropa parlamenti əslində hüquqi cəhətdən səsverməyə qoymasa da, məsələ həll olmuşdu. Böyük ölkələr arasında bu məsələ danışılıb. Ona görə də yekdilliklə Ermənistanı üzv etmək istəyirlər. Aydın məsələdir ki, Ermənistana müəyyən şərtlər qoyacaqlar. Burada islahat olmalıdır, demokratiya güclənməlidir. Ancaq biz bilirik ki, Avropa İttifaqı Gürcüstanı etdiyi kimi, rahat şəkildə Ermənistanla bağlı da bəzi çatışmazlıqlara göz yumacaq. Bu sırf siyasi prosesdir. Avropa İttifaqının Cənubi Qafqazda Gürcüstanı və Ermənistanı ayırıb inteqrasiya etməsini başa düşürük. Ancaq burda Azərbaycanla neytral münasibətləri saxlamaqlarını gözləmək olardı. Biz görürük ki, Aİ Ermənistanın təsiri ilə Azərbaycanla qarşıdurma yolunu seçir, ortaq mövqeyə gəlmək istəmir”.
Məhəmmədəli QƏRİBLİ