Azad rayonlarımızda yaşıl enerjiyə BP-nin sərmayədarlığı başladı...
Akif Nəsirli: “ BP-nin işğaldan azad ərazilərdə bərpa olunan enerji istehsalına dair layihə həyata keçirməsi xüsusi əhəmiyyətə malikdir”
Prezident İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib. Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanın 30 ildə qazandığı nailiyyətlər münasibətilə də təbriklərini çatdıraraq, bu müddətdə ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin iqtisadiyyatımızın inkişafına yönəldilməsinin önəmini vurğulayıb. Mürrey Aukinklos Azərbaycan ilə BP-nin əməkdaşlığını məmnunluqla qeyd edib.
Uzun illər ərzində ölkəmizin BP ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyən dövlət başçısı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycanla BP arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan Prezidenti ölkəmizdə enerji resurslarının istehsalından əldə olunan gəlirlərin iqtisadi, sosial və bütün digər sahələrin inkişafına səmərəli surətdə yönəldildiyini bildirib.
Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edilib, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il BP şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulanıb.
Söhbət zamanı BP ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
BP bu il azad olunmuş rayonlarda bərpa olunan enerjiyə sərmayə qoyuluşu üzrə ilk layihəsini həyata keçirəcək. Bu çox əhəmiyyətlidir.
“BP-nin bu təşəbbüsünə digər transmilli korporasiyalar, beynəlxalq şirkətlər də qoşulacaq”
Bunun əhəmiyyətinin əsasən nədən ibarət olduğunu şərh edən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa – quruculuq işlərinə böyük xarici şirkətlərin cəlb edilməsi, bu bölgənin onların maraq dairəsində olması xüsusi önəmə malikdir. Yəni biz əvvəllər də qeyd edirdik ki, işğaldan azad edilmiş ərazilərin bərpası yalnız dövlət büdcəsi hesabına həyata keçirilə bilməz. Bunun üçün böyük vəsaitlər lazımdır və bu böyük vəsaitin, investisiyanın qoyulması yalnız dövlət büdcəsinin üzərinə yüklənməməlidir. Bu baxımdan, BP-nin işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji istehsalına dair layihə həyata keçirməsi xüsusi əhəmiyyətə malikdir”-deyə bildirdi.
A.Nəsirli bir mütəxəssis kimi hesab edir ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək, orada kommersiya fəaliyyətini qurmaq üçün bütün daxili və xarici investorlara yaşıl işıq yandırmalıdır. “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin sürətlənməsi, onun geniş vüsət alması üçün həm yerli, həm beynəlxalq investorların maraqlarından istifadə etməlidir. O cümlədən, həm də bu yaxınlarda qərar qəbul olundu ki, artıq işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün düşmüş əhali öz hesabına ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evləri tikmək hüququna malik olacaqlar. Buna da şərait yaradılacaq. Bu hələ ki, praktiki olaraq reallaşmayıb. Amma hökumət artıq bəyan edib ki, bütün işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlər, o cümlədən də sıravi vətəndaşlar özləri üçün yaşayış evləri tikmək, kommersiya ilə məşğul olmaq imkanları yaradılacaq. Bu çox önəmli və vacib məsələlərdən biridir.
BP-nin bu təşəbbüsü təqdirəlayiqdir. Hesab edirəm ki, BP-nin bu təşəbbüsünə digər transmilli koorparasiyalar, beynəlxalq şirkətlər də qoşulacaq”-deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA