Bir rayonda orta maaş 2200, digərində cəmi 780 manat - niyə belə?..
Kamran Məmmədli: “Pirallahı rayonunda yüksək əmək haqqının olması bu ərazidə iş yerlərinin sayının çox olması ilə bağlıdır”
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Belə ki, bu rayonda orta aylıq maaş 2211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub.
Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib. Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur.
Maraqlıdır, rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?
“Bazar şərtləri, ixtisaslı kadrlara olan tələbat sahibkarı bu addımı atmağa vadar edir”
Iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əməkhaqqı əsasən özəl şirkətlərdə yüksək olur: “Bununla yanaşı, Azərbaycanda yüksək əməkhaqqı mədənçıxarma sektorundadır. Bu sahədə çalışanların orta aylıq maaşı 3000 AZN-ə yaxındır. Sonrakı yerləri maliyyə və sığorta sektoru tutur. Burada orta aylıq əməkhaqqı 2 min manatdan bir qədər artıqdır. Üçüncü yerdə digər sahələr gəlir. Əsasən peşə, elmi-texniki fəaliyyət istiqamətlərində orta aylıq əməkhaqqı 1500 AZN-ə qədərdir. Pirallaahı rayonunda yüksək əmək haqqının olması bu ərazidə iş yerlərinin sayının çox olması ilə bağlıdır. Bəllidir ki, qeyd edilən ərazidə müxtəlif sahələr üzrə çoxlu sayda iş yerləri var. Həmin müəssisələrdə müxtəlif dərəcələr üzrə əmək haqqı alanlar var. Ən az əmək haqqının Binəqədi rayonunda qeydə alınmasının səbəbi isə adıçəkilən yerdə iş yerlərinin sayının az olması ilə bağlıdır. Elə iş yeri var ki, orda işçi sayı azdır. Bu da vəziyyətə təsir edir”.
Həmsöhbətimizin sözlərinə görə, dünyanın hər yerində özəl sektorda qazanc səviyyəsi, əməkhaqqı səviyyəsi dövlət sektorundan çoxdur: “Yəni özəl sektorda əməkhaqqına sahibkar özü qərar verir və işçinin ona gətirdiyi gəlirliliyi, sahənin mənfəətliliyini və s. nəzərə alır. Başqa sözlə, əməkhaqqını bazar şərtləri müəyyənləşdirir. Bazar şərtləri, ixtisaslı kadrlara olan tələbat sahibkarı bu addımı atmağa vadar edir. Ona görə də dünyanın hər yerində özəl sektorda olan maaşla dövlət sektorunda olan maaş arasında ciddi fərq var”.
Günel CƏLİLOVA