“44 gün – Tarixi zəfər” kitabı bu dəfə də Biləsuvarda təqdim olunacaq...
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası 15 mart 2024-cü il tarixində saat 14:00-da Biləsuvar rayonunda “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirir. Xatırladaq ki, birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir.
Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.
Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati¬rələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır.
Redaksiyanın nəşr etdiyi «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.
Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.
Layihənin rəhbəri Nəzakət Məmmədovadır. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.
İradə SARIYEVA