"Dərmanların keyfiyyətinə nəzarət ciddi şəkildə artırılıb" - Komitə sədri
Dərman vasitələri ilə bağlı xeyli iradlar var idi. Bu iradlar dərman vasitələrinin qeydiyyatı, onların ekspertizası, qeydiyyat sənədlərinin çoxluğu, müddətin uzadılması, dərman vasitələrinin keyfiyyətinin aşağı olması və qiymətlərin baha olması ilə bağlı idi. Ancaq ötən il “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər ediləndən sonra bu sahədə müsbət istiqamətdə irəliləyişlər müşahidə edilir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 14-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.
Komitə sədri bildirib ki, dərmanların qeydiyyatı ilə bağlı sənədlərin sayı, müraciətlərə baxılma vaxtı da kifayət qədər azaldılıb.
Dövriyyədə olan dərman vasitələrinin keyfiyyəti ilə bağlı iradlar var idi. Qanunun yeni maddələri də dərmanların keyfiyyətinə təsir etməkdədir. Dərmanların keyfiyyətinə nəzarət ciddi şəkildə artırılıb. Bu da keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısının alınması ilə nəticələnib. Dərmanların qiyməti də optimallşadırılıb və burada Tarif Şurasının fəaliyyətini biz artıq görürük.
Belə ki, ölkədə vahid qiymət siyasəti tətbiq olunmağa başlayıb. Dərmanların qiyməti ilə bağlı məlumat təqib və izləmə sistemində, o cümlədən elektron resept sistemində öz əksini tapacaq.
ZÜMRÜD