Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.
Qay Rayder BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş etdi.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkəmizlə işləməyə hazır olduğunu dedi.
Dövlətimizin başçısı buna görə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.
Azərbaycanın sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi mövzusuna həsr olunduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu və digər mövzularda COP-un gündəliyinin irəli aparılması üçün səylərini əsirgəməyəcək. Belə ki, ölkəmizin müxtəlif beynəlxalq təsisatlarda fəal üzvlüyü, Qoşulmama Hərəkatında uğurlu sədrliyi bunun üçün yaxşı imkan və fürsət yaradır.
Qay Rayder BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda “Summit of the future” - “Gələcəyin Sammiti” devizi ilə keçiriləcək tədbirlə bağlı məlumat verdi. Söhbət zamanı BMT Baş Assambleyasının qarşıdan gələn gündəliyi ilə bağlı müzakirələr aparıldı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin irəli aparılmasında fəal üzvlərdən biri kimi bundan sonra da öz dəstəyini və töhfələrini verəcək.
Görüşdə Azərbaycanın 2026-cı ildə BMT sistemində ən vacib tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcəyi xüsusi vurğulandı.
Söhbət zamanı XI Qlobal Bakı Forumunun dünya gündəliyində duran məsələlərinin müzakirəsi baxımından rolu qeyd edildi.