Paşinyan anklav olmayan kəndlər barədə tam əks mövqe göstərdi...
Rövşən Məhərrəmov:”Əgər Azərbaycan tərəfi hər hansı açıqlama versə, o yenə bildirəcək ki, Ermənistanın xəritə ilə müəyyən olunmuş ərazisinə həmin 8 kənd daxil deyil”
Nikol Paşinyan mətbuat konfransında 4 kəndin (anklav olmayan Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması ilə bağlı sualı cavablandırarkən bildirib:
“Tavuşun kəndlərinin təhvil verilməsi haqda heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olmayıb”.
Bu, Nikolun növbəti “özünütəkzibi” olaraq görünür. Çünki onun özü dəfələrlə Azərbaycanın 8 kənd məsələsinə toxunub, bu kəndlərin Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını bildirib. Belə deyəndə, həmin kəndlərin Azərbaycana aid olduğunu təsdiqləyibsə, indi niyə belə danışır?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan mətbuat konfransında 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı suala cavab verərkən Tavuşun kəndlərinin qaytarılması ilə bağlı heç vaxt söhbət olmadığını bildirib: “ Sərhəd komissiyasının rəhbəri olan Qriqoryan da martın 7 - də keçirilən iclasdan sonra Azərbaycanın 4 kəndi tələb etdiyini açıqladı. Bütün bunlardan sonra Paşinyanın Ermənistan ərazisində belə kəndlərin olmadığına dair verdiyi açıqlaması absurddur və hesab etmək olar ki, erməni baş naziri ictimai ittihamlardan xilas olmaq üçün belə deyir. Ancaq dərindən analiz etdikdə, Paşinyan açıqlamasında fərqli nəticə ortaya çıxarır. Yəni erməni baş nazir deyir ki, məhz Tavuşun kəndlərini qaytarmaq müzakirə mövzusu deyil və Ermənistan ərazisində belə kəndlər olmayıb. O bildirir ki, bizim kəndlər olmadığı üçün, o kəndlərin qaytarılmasında problem yoxdur. Ad çəkmədən, Tavuşda delimitasiya başlaya bilər deməsi də bu məntiqi ön plana çəkir. İlk növbədə delimitasiyanın Tavuş istiqamətindən başlaması ona bir işarədir ki, zamanında işğal olunmuş Azərbaycan kəndlərini təhvil vermək lazımdır. Paşinyan auditoriyasında gərginlik yaratmamaq məqsədilə çıxışında Tavuşun belə kəndləri olmayıb deyir. Bu o demək deyil ki, Paşinyan kəndlərin bizə məxsus olduğunu inkar edir. Sadəcə, delimitasiya, demarkasiyanın ordan başlaması, həmin kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyini çatdırmaq istəyir. Mən bunu belə başa düşürəm. Paşinyan bildirir ki, biz Tavuşun öz kəndlərini vermirik. Müzakirə olunan bu kəndlər hər zaman, sovet dövründə də, indiki dövrdə də Azərbaycan ərazisinə aiddir. Ancaq bunu açıq şəkildə Ermənistan ictimaiyyətinə çatdırmır. Əgər Azərbaycan tərəfi hər hansı açıqlama versə, o yenə bildirəcək ki, Ermənistanın xəritə ilə müəyyən olunmuş ərazisinə həmin 8 kənd daxil deyil. Delimitasiyanın məhz Tavuşdan başlaması o kəndlərin Azərbaycana qaytarılmasıdır. Anklav olan kəndlər isə müzakirə predmetidir və gələcəkdə müzakirə olunacaq”.
Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Azərbaycanın işğal altında saxlanılan 8 kəndindən anklav olmayan 4 kəndi tələb etməsi istiqamətində suala verdiyi təzadlı cavab üzərində erməni ekspertlər də müzakirə aparır. Erməni mediası da təsdiqləyib ki, Nikol Paşinyanın “Ermənistanın heç bir kəndinin verilməsindən söhbət gedə bilməz” sözləri bu ölkənin 29,743 kv.km ərazisinə aiddir. Başqa sözlə, Nikol Paşinyan “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə, Azərbaycanın tələb etdiyi anklav olmayan 4 kəndin - Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Almatı Bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb.
Məhəmmədəli QƏRİBLİ