Gənclərimizi narkomaniyadan birgə qoruyaq – Lənkəranda tədbir...
Son vaxtlar əsrin bəlası olan narkomaniyaya qarşı bir sıra tədbirlər görülür. Ölkə rəhbəri İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019–2024-cü illər üçün “Dövlət Proqramı” də “ağ ölüm”ə qarşı mübarizənin uğurlu həlli üçün geniş imkanlar açır. Bütün bunlar olduğu halda yenə də narkomaniya yayılmaqda, narkomanların sayı artmaqdadır. Hətta məlum olub ki, narkotiklərdən istifadədə yaş amili xeyli aşaği düşüb. İndi, xüsusilə cənub bölgəsində 13-14 yaşlı yeniyetmələrin narkotik maddələrin istifadə etdiyi bildirilir. Bu da çox ciddi problemdir. Cabbarlı adına Lənkəran şəhər 1 saylı Uşaq Musiqi Məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda təşkil edilən maarifləndirici tədbir də yeniyetmələrə, gənclərə narkomaniyadan istifadənin vurduğu sağalmaz yaralar haqında məlumat vermək və onları bu ağır bəlanın iti caynağından vaxtından uzaq salmaq idi.
Məktəbin müəllim və şagird kollektivin, Polis Şöbəsinin əməkdaşlarının qatıldığı tədbirdə polis mayor Fazil Bağırov çıxış edib dedi: - İndiki zamanda bəşəriyyəti ən çox narahat edən, sağalmaz fəsadları ilə dünyanı lərzəyə salan narkomaniyaya qarşı mübarizə bir təşkilatın, bir qurumun işi deyil, bu, hamının mənəvi borcu olmalıdır. Faciəyə son qoyulmasa, sağlam gələcəyimiz olmaz. Bununla bağlı əsasən təhsil ocaqlarında vaxtaşırı maarifləndirici tədbirlər görülməlidir. Bütün təbliğat vasitələrindən, dövlət qanunlarından istifadə edib dünyanı məhvə doğru aparan bu bəlanın qarşısı alınmalıdır. Ən əsası isə yeniyetmələrin asudə vaxtının səmərəli təşkili üçün daha çox idman, bilik yarışlarına diqqət vermək vacibdir. Çalışaq gənclərimizi, gələcəyimizi narkomaniyadan birgə qoruyaq.
Digər çıxışçılar da gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edildi.
Sonda mövzu ilə əlaqədar video-çarx nümayiş olundu, polis mayoru şagirdləri düşündürən suallara cavab verdi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü