Xəzərin dayazlaşması Orta Dəhlizə ciddi problem olacaq...
Avropa ilə Asiyanı əlaqələndirən Transxəzər marşrutunun (Orta Dəhlizin) əhəmiyyəti bu gün bütün dünya üçün sürətlə artır. Çin-Mərkəzi Asiya-Azərbaycan və Gürcüstandan Qara dənizə və Avropaya uzanan bu dəhliz yükdaşıma xərclərinin aşağı olması ilə yanaşı, həm də təhlükəsizdir.
Qeyd edək ki, Çindən Avropaya Cənub dəhlizi ilə daşınan yüklər Süveyş kanalından keçməklə 20 min kilometr məsafə qət etməlidir. Lakin konteyner daşıyan qatar Orta Dəhlizlə cəmi 7 min kilometr məsafə qət edəcək ki, bu da nəqliyyat xərclərinin az olması ilə yanaşı, təhlükəsizliyin də təmin olunmasını şərtləndirir. Bu arada qeyd edək ki, prezident İlham Əliyev və Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər. Qeyd edək ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.
Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib.
Çin-Mərkəzi Asiya-Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutla yüklər Qara dənizə, buradan isə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılır. Hazırda Orta Dəhliz üçün yeganə əngəl Xəzərin dayazlaşmasıdır. Bu arada o da bəlli olub ki, Xəzərin dayazlaşması məsələsini həll etmək üçün Azərbaycan və Qazaxıstan səylərini birləşdirə bilər. Müvafiq layihənin təşəbbüskarı iki ölkənin yaratdığı işgüzar şuranın sədri Abbot Cangirxanulidir. O qeyd edib ki, Bakı və Astana bu məsələdə təcrübə mübadiləsi aparmaq və Xəzər regionunun digər ölkələrini də bu problemə cəlb etmək üçün birləşə bilər.
Cangirxanuli həmçinin Orta Dəhlizin inkişafının və ötürmə qabiliyyətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə nəqliyyatın sayı artıb. “Lakin biz bu dəhlizi daha da inkişaf etdirməliyik, o cümlədən onun imkanlarını genişləndirmək üçün çalışmalıyıq”. O, Xəzər dənizinin dayazlaşmaqda davam etməsini ciddi problem olaraq təsvir edir. Qazaxıstanda Atırauda dənizdə suyun səviyyəsinin azalması səbəbindən böyük liman fəaliyyətsizdir, yerli balıqçı kəndləri təhlükə altındadır, üstəlik, küləklə birlikdə havaya qalxan qurumuş lil sakinlərin sağlamlığı üçün təhlükə yaradır. Ekoloqların hesablamalarına görə, 2040-cı ildə su çatışmazlığı 15 milyard kubmetr təşkil edəcək. Ural və Kıqaç çaylarının Xəzər dənizinə tökülən kanallarında dərinləşdirmə işləri aparılır, lakin quraqlıq və istiləşmə səbəbindən onlarda da suyun həcmi azalır, dəniz çox sürətlə çəkilir. Problemin üzərində işləmək üçün Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin nəzdində bioloqlar, ixtioloqlar, hidrogeoloqlar, ekoloqlar kimi mütəxəssislərin çalışdığı xüsusi elmi-tədqiqat institutunun yaradılması qərara alınıb. Məsələ Azərbaycanın da diqqətindədir və ölkəmiz birgə səylərlə problemin həllini vacib hesab edir.
Samirə SƏFƏROVA