Almaniyanı gərginliyə çəkmək Makronun Azərbaycana görə qisas siyasətidir...
Məhəmməd Əsədullazadə: “Fransa çalışır ki, Almaniyanı Cənubi Qafqazdan kənarda tutsun”
Fransa prezidenti Emmanuel Makronun Ukraynaya dəstək üçün Qərb qoşunlarını göndərmək təklifi təkcə təəccüb yox, həm də NATO-da etiraza səbəb olub. Bundan əlavə, o, Berlinin qəzəbli reaksiyasına səbəb olan, Fransa-Almaniya münasibətlərini gərginləşdirən açıqlama da verib, almanları üstüörtülü şəkildə “qorxaq” adlandırıb.
Belə ki, Makronun Praqaya səfəri zamanı irəli sürdüyü “Ukraynaya qoşun yeritmək” ideyası xüsusilə Almaniyanı narahat edib. Fransa lideri, Almaniyanın etirazına qarşılıq olaraq, “Avropa qorxmamalıdır” cavabını verib. Bu, Berlində “təhqir” kimi qəbul edilib və Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona “Bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur”, - cavabını verib.
Maraqlıdır, Fransa ilə Almaniyanın arasında nə baş verir? İndiki gərginlik Almaniyanın Bakı-İrəvan məsələsində təşəbbüsünə qarşı Fransanın qısasçılığı kimi nəzərdən keçirilə bilərmi?
“Ukrayna məsələsində iki ölkə arasında yaşanan gərginlik, soyuq savaş həm də bundan irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə, prinsipcə, bunu istisna etmədi: “Fransa ilə Almaniya arasında geosiyasi rəqabət hər zaman olub. Baxmayaraq ki, bu dövlətlər Avropa İttifaqında təmsil olunurlar və qurumun lokomotividilər. Ancaq biz görürük ki, Ukrayna cəbhəsində və Cənubi Qafqaz uğrunda bu ölkələr arasında rəqabət var. Bu ölkələrlə bağlı Fransa və Almaniyanın mövqelərində diametirial ziddiyətlər var. Xüsusən də prezident Makronun Fransanı fövqəldövlət etmək istiqamətində atdığı addımlar Almaniya tərəfindən birmənalı qarşılanmır. Hiss olunur ki, bununla bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var. Fransa çalışır ki, Almaniyanı Cənubi Qafqazdan kənarda tutsun. Münhendə kansler Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının bir araya gəlməsi Parisi məyus edib. Makron hesab edirdi ki, Parisin iradəsi xaricində belə bir görüş olmayacaq. Fransanın Ermənistan-Azərbaycan danışıqları prosesindən uzaqlaşdırılması, Almaniyanın bu prosesdə yer alması Makronu bərk qəzzəbləndirir. Ukrayna məsələsində iki ölkə arasında yaşanan gərginlik, soyuq savaş həm də bundan irəli gəlir. Paris Berlinin Cənubi Qafqazda artan fəallığını qısqanclıqla qarşılayır. Ancaq hesab edirəm ki, Fransanın cəhdləri uğursuz olacaq. Çünki Paris beynəlxalq hüquqdan deyil, birbaşa öz maraqları konteksindən məsələlərə qarışır. Bu da Fransanın uğurlu vasitəçi olmasını əngəlləyir. Hesab edirəm ki, Almaniyanın beynəlxalq hüquqa önəm verməsi məhz bu ölkənin əsas vasitəçi olmasını şərtləndirir. Çox güman ki, Parislə Berlin arasında gedən geosiyasi rəqabət böhranlı vəziyyətə gətirib çıxaracaq. Fransa Almaniyanın güclü potensiala malik olduğunu bildiyi üçün Makron rəhbərliyi hər vasitə ilə buna mane olmağa çalışır”.
Vidadi ORDAHALLI