Qərbin “Toplum TV” və “Abzas Media” siyasətinə Azərbaycandan etirazlar var...
Ceyhun Məmmədov: “Həmin təşkilatlara və bəzi dövlətlərə qarşı cəmiyyətimizdə münasibət mənfidir”
Bir müddət öncə “Abzas Media”, indi isə “Toplum TV” internet televiziyası ilə bağlı həyata keçirilən tədbirlər, aşkarlanan faktlar bir sıra məsələləri ortaya qoyub. Bununla əlaqədar bir sıra şəxslər konkret ittihamlarla həbs edilib. Onlar, əsasən qaçaqmalçılıq fəaliyyətində ittiham olunurlar. Bununla bağlı ortada konkret və təkzibolunmaz faktlar var.
O da məlumdur ki, bu hadisəyə dünyanın bəzi dövlətləri, beynəlxalq təşkilatlar araşdırma aparmadan birtərəfli münasibət bildiriblər. Bir mərkəzdən idarə olunan formada bəlli təşkilatlar baş verənləri şişirtməyə, konteksdən çıxarmağa çalışırlar. Halbuki, ortada konkret faktlar var. Maraqlıdır, bəlli təşkilatların, bəzi dövlətlərin belə münasibəti nəyə hesablanıb və nəyə xidmət edir? Bu reaksiyanı verən Qərb təşkilatlarına – USAİD və onun sədri Samanta Pauerə, “Freedom Hausa”, müəyyən dövlətlərə Azərbaycanda hansı baxışlar var?
“Müvafiq qurumların “Abzas Media”, “Toplum TV” ilə bağlı tədbir görməsinin kifayət qədər hüquqi əsası var”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Azərbaycanda həmin təşkilatlara, dövlətlərə münasibət mənfidir: “Təəssüflə qeyd etmək lazımdır ki, biz dəfələrlə ABŞ-ın və digər dövlətlərin Azərbaycanda bir sıra media quruluşlarını maliyyələşdirdiyinin şahidi oluruq. Həmin maliyyələşmə əksər hallarda qeyri-qanuni yollarla həyata keçirilir. Özü də bu, birinci dəfə deyil ki, baş verir. Dəfələrlə bizim rast gəldiyimiz haldır. O mənada, Azərbaycan dövlətinin belə halların qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərin kifayət qədər hüquqi əsası var. Bu gün görürük ki, bəzi beynəlxalq təşkilatlar, dövlət təmsilçiləri buna görə Azərbaycanın ünvanına əsassız tənqidlər səsləndirir. Halbuki, həmin ölkələrdə də belə qeyri-qanuni fəaliyyətlər olsa, dərhal bunun qarşısını alarlar. O üzdən, həmin təşkilatlara və bəzi dövlətlərə qarşı cəmiyyətimizdə münasibət mənfidir. Çünki onların sifarişlə işlədiyini, müxtəlif konyunktur maraqlara xidmət etdiklərini hamı yaxşı bilir. Xalqımız həmin təsisatların Azərbaycan əraziləri işğal altında olan dövrdə necə davrandıqlarını yaxşı bilir. Uzun illər işğal faktını görməzdən gəldilər. Azərbaycanın müvafiq qurumlarının “Abzas Media”, “Toplum TV” ilə bağlı tədbir görməsinin kifayət qədər hüquqi əsası var. Çünki söhbət yarım milyon puldan gedir və bu, kiçik bir vəsait deyil. Ona görə də bu cür addımların araşdırılmasına ciddi ehtiyac var. Çünki belə qanunsuz layihələrin həyata keçirilməsində məqsəd Azərbaycanda qarışıqlıq yaratmaqdır. O cümlədən, insanları hakimiyyətə qarşı qaldırmaq və ictimai sabitliyi pozmaqdır. O üzdən, bütün bu məslələrdən hansısa formada digər məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. O baxımdan hər bir tərəf buna obyektiv yanaşmalıdır”.
Vidadi ORDAHALLI