Əliyevlə Tokayev Orta Dəhlizdə yeni perspektivlər açdılar...
Vüqar Bayramov: “Regionda baş verən geosiyasi vəziyyət praktik olaraq TransXəzərin əhəmiyyətini daha da artırır”
“TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir”. Bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib.
Ölkə başçısının fikrincə, biz paralel istiqamətlər üzrə irəliləyirik: “Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var”.
“Zamanında Azərbaycanla Qazaxıstanın nəqliyyat infrastrukturuna sərmayə qoyması indi öz bəhrəsini verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, ümumilikdə TransXəzər layihəsi əhəmiyyətini daha da artırmaqdadır: “Belə ki, bir tərəfdən Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ölkələri ilə, bütövlükdə türk dövlətləri arasında münasibətlərin daha da yaxşılaşması müşahidə olunur. Digər tərəfdən, biz praktik olaraq Mərkəzi Asiyanın və Azərbaycanın təbii ehtiyatlarının Avropa bazarına daha mütəmadi çıxarılmasını müşahidə edirik. Yəni Avropada regionun təbii ehtiyatlarına maraq artır. Eyni zamanda, təbii ki, regionda baş verən geosiyasi vəziyyət də praktik olaraq TransXəzərin əhəmiyyətini daha da artırır. Bu konteksdən, təbii ki, biz TransXəzərin əhəmiyyətinin yüksəlməsini müşahidə edirik. Çünki TransXəzər region üçün yeni imkanlar deməkdir. Enerji daşıyıcılarının daha sürətli şəkildə, daha rentabelli Avropa və digər bazarlara, o cümlədən, qardaş Türkiyə bazarına çıxarılması anlamına gəlir. Eyni zamanda bu, region dövlətləri arasında inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradacaq. Nəzərə almaq lazımdır ki, yalnız Qazaxıstanla Azərbaycan arasında deyil, həmçinin ölkəmizin digər Mərkəzi Asiya ölkələri ilə münasibətləri daha da dərinləşir. Tərəflər arasında dərinləşmiş münasibətlər praktik olaraq həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri üçün TransXəzər layihəsi çərçivəsində yeni imkanlar yaradır. Zamanında Azərbaycanla Qazaxıstanın nəqliyyat infrastrukturuna sərmayə qoyması indi öz bəhrəsini verir”.
Vidadi ORDAHALLI