Kreml təsdiqlədi - Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılacağı barədə bildiriş almışıq
İrəvan Moskvaya Rusiya sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə bildiriş göndərib. Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bununla bağlı məktub daxil olub. Hazırda qurumlar xətti ilə təmaslar həyata keçirilir. Bundan artıq heç nə deyə bilmərəm. Əlbəttə ki, mümkün bütün səviyyələrdə təmaslar davam edəcək", - Kreml nümayəndəsi deyib.
Xatırladaq ki, martın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zvartnots hava limanında rus sərhədçilərinin mövcudluğu ilə bağlı Moskvaya rəsmi məktub göndərildiyini deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, Zvartnots hava limanında erməni sərhədçiləri xidmət göstərməlidir.
"Ermənistan bunun üçün bütün imkanlara malikdir", - deyə Qriqoryan əlavə edib.