Rusiya sərhədçiləri İrəvan aeroportundan çıxarılır - Paşinyan tarix açıqladı...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri 2024-cü il avqustun 1-dən etibarən “Zvartnots” hava limanını tərk edəcəklər. "İnterfax" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Biz Rusiya tərəfini qəbul etdiyimiz qərarla (Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması – İF) bağlı məlumatlandırmışıq. Məktubda qeyd olunan tarix 1 avqust 2024-cü ildir”, - deyə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, siyasi və ya geosiyasi proses deyil, işgüzar prosesdir. Biz avqustun 1-dən aeroportda müstəqil şəkildə xidmətə başlayacağımızı bildirmişik”, - deyə baş nazir qeyd edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları ilə birlikdə 1992-ci il tarixli müqavilə əsasında həm də ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur.
TAHİR