Qohum nikahları ən çox Bakıda qeydə alınıb - STATİSTİKA
Qohum arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.
Trend xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə keçirilən qohum nikahlarla bağlı ictimai müzakirədə bildirilib.
Qeyd edilib ki, ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
“Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin, buna baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur”,- deyə əlavə edilib.