ABŞ-ın Qəzzada liman qurmaq planının əsl məqsədi ortaya çıxdı - fələstinliləri Avropaya sürgün etmək və...
Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumlarında ABŞ Təl-Əvivə məhdudiyyətsiz yardımlar edib və hətta bu səbəbdən müharibənin tərəflərindən biri olmaqda ittiham olunub.
ABŞ prezidenti Bayden martın 7-də Konqresin birgə iclasındakı çıxışında Amerika ordusuna Qəzza sahillərində müvəqqəti liman qurmağı tapşırdığını açıqlayıb. Bayden daha çox humanitar yardımın müvəqqəti liman vasitəsilə dəniz yolu ilə Qəzzaya daxil olacağını, lakin Amerika əsgərlərinin Qəzzaya ayaq basmayacağını bildirib.
Baydenin açıqladığı bu planın “humanitar” məqsədli olduğu görünsə də, iordaniyalı hərbi ekspert Hişam Hiresat onun başqa məqsədlər daşıdığı qənaətindədir. Onun fikrincə, ABŞ-ın Qəzza sahillərində ilk baxışda “humanitar” məqsədli görünən liman qurmaq planı fələstinliləri könüllü olaraq Avropaya sürgün etmək və Refah sərhəd qapısını sıradan çıxarmaq məqsədi daşıyır.
İordaniyalı ekspert bildirib ki, Qəzza sahilində liman yaratmaq ideyası yeni deyil və 10 il əvvəl irəli sürülüb, lakin İsrailin o vaxtkı müdafiə naziri Aviqdor Liberman və o vaxtkı rabitə naziri Yisrael Katz bu ideyanı puça çıxarıblar.
“Qəzzada liman yaratmaq planı guya humanitar yardım məqsədi daşıyır, amma mahiyyət etibarı ilə Avropaya könüllü deportasiya məqsədi daşıyır” deyən iordaniyalı ekspert bildirib ki, İsrail də bu hərbi limana razılıq verəcək, çünki baş nazir Benyamin Netanyahu qəzzalıların könüllü olaraq Avropaya köçməsi üçün müharibə başlayandan bəri bu liman məsələsini gündəmə gətirmək istəyib.
Baydenin İsrailin Refaha girməsi və Qəzzadakı humanitar faciə davam edəcəyi halda bunun ABŞ seçkilərinə göstərəcəyi təsirdən çox narahat olduğunu qeyd edən Hiresat deyib ki, bu səbəbdən limanın tikintisini sürətləndirəcək və artıq hazırlıqlar da başlayıb.
Qəzzada ABŞ qüvvələrinin yerləşdirilməyəcəyini, lakin yardımların çatdırılmasının beynəlxalq qurumlar vasitəsilə həyata keçiriləcəyini bildirən Hiresat liman planının arxasında duran hədəflər haqqında bunları deyib: "İsrail bu limana iki səbəbə görə razılıq verəcək: Birincisi, məhbus mübadiləsi sazişinin qəbul edilməsi və Vaşinqtonu qəzəbləndirmədən Refaha qurudan hücumdur. Şübhəsiz ki, bu liman yaradılarsa, Refah sərhəd qapısı da artıq fəaliyyətsiz qalacaq. İstənilən halda İsrail bu sərhəd qapısına güvənmir və bunu HƏMAS-a silah göndərilməsinin əsas nöqtəsi kimi görür”.
Tahir TAĞIYEV