Qlobal güclərin islama qarşı qəsdi Bakıda ifşa olunur...
Mübariz Göyüşlü: “Qlobal qüvvələr İslam dinini terrorçu göstərmək istəyir”
“İslamofobiya qlobal qüvvələr tərəfindən yetişdirilir. Ona dəstək verənlər “idarə mərkəzləri”ndə rəhbərlik edirlər”. Bu sözləri Kaliforniya Dövlət Universitetinin professoru Ahlam Hatem Almuhtasebin islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya” mövzusunda aralıq sessiyada söyləyib.
O bildirib ki, həmin qruplara donorlar tərəfindən milyardlarla dollar vəsait ayrılır.
Konfransda qeyd edilib ki, islamofobiya qlobal qüvvələr tərəfindən yetişdirilir. Görəsən, qlobal qüvvələrin burada məqsədi nədir?
“…İslam dövlətlərini öz dininə qarşı qaldırmaq istəyir”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a şərhində bildirdi ki, qlobal qüvvələrin niyyəti İslam dünyasını parçalamaq, qarşı-qarşıya gətirməkdir: “İslam dini daxilində məzhəb bölünmə cəhdləri qeydə alınır. Qlobal qüvvələr İslam dövlətlərini öz dininə qarşı qaldırmaq istəyir. Həmçinin, gəncləri antiislam övqatında formalaşdırmağa çalışır. Eyni zamanda, İslam dinini aşağılamağa da cəhd göstərirlər. Onlar elə təəssürat yaradır ki, guya İslam dini cəmiyyətin inkişafına mane olur. Bu, Qərbin ənənəvi planıdır. Bununla da Qərb hegemunluğunu göstərmək istəyir”.
Həmsöhbətimizin sözlərinə görə, qlobal qüvvələr İslam dinini terrorçu göstərmək istəyir: “Qərb ölkələri bu cür təzyiqi artırdıqca gərginlik daha da artır. Bəzən Fələstin, İraq və ya Suriya qarşısındakı gücün fərqinə vardıqda başqa üsullara əl atır. Qərb ölkələri də fürsətdən istifadə edib bunun adını terror kimi təqdim edir. Bir sözlə, Qərbin bu cür taktikası dinlərarsı gərginliyə səbəb olur. Qərb qarşılıqlı anlaşma yolu seçərsə dünyamız daha rahat olar”.
Günel CƏLİLOVA