Konfrans İslamofobiyanı müsəlmanlara qarşı soyqırım cinayəti kimi bəyan etdi...
Azər Həsrət: “Özünü güclü təqdim edən, dünyaya demokratiya dərsi keçən ölkələr İslam ölkələrinə nifrətlə yanaşır”
“İslamofobiya müsəlmanlara qarşı yalnız pis rəftarla tükənmir, onun kökündə daha mənfi məqamlar var. Çox şadam ki, Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir, belə tədbirlər keçirir, bu məsələləri müzakirə edir”.
Bu sözləri Böyük Britaniyanın Srebrenitsanı Xatırlama təşkilatının sədri və “Badger” Sağlamlıq Qrupunun baş icraçı direktoru Vəqaruzzaman Əzmi Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı aralıq sessiyasında deyib.
O bildirib ki, islamofobiya soyqırımıdır, etnik təmizləmədir, müsəlman əhalinin əmlakının dağıdılması, saxtakarlaşdırılmasıdır.
Qeyd edək ki, islamofobiya müsəlmanlara qarşı soyqırım, etnik təmizləmə cinayətidir.
“Qərb cəmiyyətində irqçi və radikal millətçi dairələrin səyi nəticəsində İslamafobiya hər ötən gün daha da güclənir”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a dedi ki, islamafobiya İslam düşmənçiliyi deməkdir: “Dünyanın müxtəlif ölkələrində müsəlmanlara qarşı düşmən münasibət müşahidə olunur. Xüsusilə özünü güclü təqdim edən, dünyaya demokratiya dərsi keçən ölkələr İslam ölkələrinə nifrətlə yanaşır. Bu isə müsəlman ölkəsi olaraq Azərbaycanı da narahat etməyə bilməz. Bu səbəbdən də ölkəmiz məlum problemə biganə yanaşmır”.
Həmsöhbətimiz bildirdi ki, Azərbaycan müxtəlif dinlərdən olan insanların tolerant bir ortamda yaşadığı ölkədir. Bu dünyaya yaxşı örnəkdir: “Qərb cəmiyyətində irqçi və radikal millətçi dairələrin səyi nəticəsində İslamafobiya hər ötən gün daha da güclənir. Bakıda keçirilən məlum konfrans islamofobiya ilə mübarizədə olduqca əhəmiyyətlidir”.
Günel CƏLİLOVA