Ermənilər Bakı konfransında səslənən fikirdən təşvişə düşdülər...
İslamofobiyaya qarşı Beynəlxalq mübarizə günü ilə bağlı Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilir. Samballı dünya təmsilçiliyi var. Maraqlı çıxışlar və müzakirələr gedir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Konfrans Prezident İlham Əliyevin iştirakçılara müraciəti ilə açılıb. Erməni mediası Prezidentin bir fikrindən möhkəm narahat olub. Dərhal iqtibas və şərhlər verilib.
İlham Əliyev müraciətində dedi ki, Ermənistandakı dini və mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılmasını yerində araşdırmaq üçün texniki missiya göndərilməsi barədə müraciətimizə əfsuslar olsun ki, YUNESKO-dan hələ də cavab verilməyib.
Fikir həqiqətən qanadlı deyilib. Həm Ermənistanda kultursid cinayətlərinin törədildiyi barədə konfrans iştirakçılarının və dünyanın rəyini möhkəmləndirir, həm də YUNESKO-nun dünya erməni lobbisinin və Fransa hakimiyyətinin təsiri altında hərəkət(sizlik) etdiyini sübut edir. Ermənilər çarpaz zərbə təsiri olan bu fikrə qarşı dərhal böhtanlarını işə salıblar. Deyirlər ki, Əliyevin bu bəyanatı siyasi xarakterlidir, 44 günlük müharibədən sonra Azərbaycan Qarabağa YUNESKO missiyasının gəlişinə icazə vermədi və sair kimi tutarsız arqumentlər gətiriblər. Halbuki İrəvan şəhərinin tarixi mərkəzi olan Təpəbaşı məhəlləsi elə bu günlərdə mer tərəfindən hər kvadratı 600 dollardan satışa çıxarılıbsa, daha bunun harası siyasi bəyanat olur? İrəvanda bir dənə də olsun türk-müsəlman məscidi əvvəlki görkəmdə saxlanmayıbsa, daha bunun harası siyasi bəyanat olur? Dini və mədəni tarixi irsi milli ayrıseçkilik zəminində məhv etmək daha necə olur ki?.. Aşkar görünür ki, erməniləri qıcıqlandıran Əliyevin müraciətindəki "siyasilik" yox, məhz onun dəqiqliyi, sərrastlığıdır.
Konfransda ayrıca təhlillər istəyən orijinal başqa ideyalar da səsləndirilib.
"İslamofobiya soyqırımın bir formasıdır"
"İslamofobiya bəzi qlobal güclər tərəfindən xüsusi olaraq formalaşdırılır"
"İslamofobiya bəzi Qərb dövlətlərinin rəsmi siyasətinə çevrilib"
"Fransa dünyanın ən böyük islamofob mərkəzinə çevrilib"
"İslamofobiya insan haqlarının kütləvi pozulma siyasətidir"
"İslamofobiyaya son qoymaq üçün ilk növbədə ayrı- seçkilik siyasətinə son qoyulmalıdır" və sair.
Konfrans davam edir...
Tahir TAĞIYEV