"Avropa alimlərinin əsərlərində irqçilik çox açıq şəkildə görünür" - Sandev Hira
İslamın ləkələnməsi, irqçilik, sadəcə, islamofobiya ilə əlaqəli deyil. Belə halların yaranması Qərb sivilizasiyalarında tarix boyu davam edən kolonializm sistemlərinin parçasıdır.
Bu sözləri Dekolonial Beynəlxalq Şəbəkə Fondunun katibi Sandev Hira Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.
İrqçilik, islamofobiya siyasətindən istifadə edən ölkələrin gələcəyinin qaranlıq göründüyünü vurğulayan Sandev Hira qeyd edib ki, Qərb ölkələrində dünyanı koloniya-müstəmləkə qismində idarəetmə sistemi formalaşıb. “Onların müstəmləkəçilik tarixinə nəzər saldıqda islamofobiyanın yaranma tarixini görəcəyik. Məsələn, İngiltərə Hindistanı işğal etdikdən sonra ilk olaraq onlara xristianlığı məcburi şəkildə qəbul etdirməyə çalışdı. Onlar düşünürlər ki, insanlar dinlərinə, irqlərinə görə müəyyən siniflərə ayrılır. Avropa alimlərinin əsərlərində irqçilik çox açıq şəkildə görünür”.