İşğalçının yekəsi Qriqoryan özüdür - beləsi delimitasiya danışıqlarını necə apara bilər?..
Tofiq Abbasov: “Onların illər boyu təkrarladıqları dünya birliyinə qarşı imitasiyaların heç bir təsiri olmayacaq”
Ermənistan Baş nazirinin müavini, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryanın Aparatı Qazax rayonunun işğal altında saxlanılan kəndlərinin qaytarılması ilə bağlı avantürist məlumat yayıb.
Mher Qriqoryanın Aparatından erməni mediasının sorğusuna cavabda qeyd edilir:
“Azərbaycanın 4 kəndi tələb etməsi, əslində, Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin ərazisinin “işğal”ını tanımaqdan imtina etdiyini və Bakının öz qoşunlarını Ermənistan ərazisindən çıxarmaq niyyətində olmadığını təsdiq edir. Azərbaycan Ermənistanın 31 qeyri-anklav yaşayış məntəqəsinin həyati əhəmiyyət kəsb edən ərazilərinin Azərbaycanın “işğal”ı altında olduğunu etiraf etməkdən imtina edərək Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızl Hacılı toponimlərini irəli sürür”.
Əgər delimitasiya və demarkasiya üzrə komissiyanın rəhbəri belə aqresiv mövqedədirsə, kəndlərimizi qaytarmamaq üçün 31 kənd yalanına da imza atırsa, bu prosesin uğurlu olacağına inanmağa dəyərmi?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz Ermənistanın daim qüvvədə olan bir taktikasının şahidiyik: “44 günlük müharibə bitdikdən sonra Ermənistan danışıqlar prosesində nə hərb, nə sülh prinsipinin üzərində çalışıb. Bu gün də o taktikanı davam etdirir. Söhbət ondan gedir ki, bir yandan Ermənistan danışıqlar formatında var, digər yandan isə onun danışıqlarda heç bir faydalılıq əmsalı yoxdur. Biz özümüz də bunu aydın görürük. Ermənistanın qayəsi sırf immitasiya yolu ilə guya bu prosesə maraq göstərmək, amma əslində bu prosesin dayaqlarını dağıtmaqdan ibarətdir. Çünki Ermənistan nəyə görəsə vaxt udmağa çalışır. Fransanın, Yunanıstanın hərbi nazirləri Ermənistana gəlirlər, vədlər verirlər onlara. Əslində Ermənistanı aldadırlar. Çünki onların istəyi Ermənistana köhnə silahlarını satıb qazanmaqdır. Digər tərəfdən də, guya Ermənistana siyasi dəstək nümayiş etdirirlər. Ermənistan isə bu proseslərdə ya ayıqlığını itirib, ya da sadəcə bu oyuna qoşulub, qarşı tərəflə sövdələşərək qazanc əldə edir. Söhbət Ermənistanın siyasi rəhbərliyindən gedir. Xalqın məsələyə heç bir dəxli yoxdur. Digər tərəfdən, Ermənistan böyük həvəslə çalışır ki, Fransaya, ABŞ-a, Avropa Birliyinə guya onların sözü ilə oturub - durduğunu göstərsin. Eyni zamanda da hay - küy salır ki, guya Azərbaycan müharibəyə hazırlaşır. Özünü yazıq kimi göstərir ki, silah - sursatla yanaşı, həm də maddi kömək alsın. O özünü prosesin qurbanı kimi dünya birliyinə təqdim etməyə cəhd edir. Halbuki, biz bilirik ki, prosesin kökündə Ermənistanın ərazi iddiaları idi. Müharibələr baş verdi, insanlar tələf oldu. Nəticədə Ermənistan diz çökdü. 2020-ci ildə 10 noyabrda Ermənistan utana - utana kaputulyasiya aktına imza atdı. Amma ondan sonra yenə də onun revanşist iddiaları üzə çıxmağa başladı. Guya məğlub xalq deyillər, yenidən vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Ona görə də, hesab edirəm ki, onların illər boyu təkrarladıqları dünya birliyinə qarşı imitasiyaların heç bir təsiri olmayacaq. Çünki dünya birliyini daim aldatmaq mümkünsüzdü. Azərbaycan onlara heç bir şans verməyəcək”.
Məhəmmədəli QƏRİBLİ