Ermənistan hərbi texnika üçün Avropa İttifaqına rəsmi müraciət etdi...
Yəhya Babanlı: “Cənubi Qafqazda sülh açılımı niyə bu qədər narahatlıq doğurur?!”
Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə ünvanladığı məktubun surəti yayılıb. Məktub Rusiya mətbuatında yayımlanıb.
Məktubda Papikyan Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Aİ-dən yardım istəyib. O yazıb ki, bu yardım Ermənistanın təhlükəsizlik arxitekturasının şaxələndirilməsində mühüm rol oynayacaq: “Bu da bizim regionda mövcud reallıqları nəzərə alaraq həyati zəruridir”.
Əslində bu, şirmadır. Söhbət Avropa Sülh Fondu vasitəsi ilə Ermənistanın silahlandırılmasından gedir. Yəni bu vəsait hərbçilərin hazırlanmasına, hərbi logistikanın bərpasına və hərbi texnikanın alınmasına sərf olunacaq.
Maraqlıdır, Avropa strukturları bu müraciətə nə cavab verəcəklər? Azərbaycanla hələ sülh şəraitinə keçməyən, sülh sazişi imzalamayan bir ölkəyə belə vəziyyətdə hərbi yardımın göstərilməsi nə dərəcədə doğrudur?
“Ermənistan MN-nin atdığı addım, Avropa Sülh Fondunun reaksiyası dünyada sülh və təhlükəsizlik üçün təhdiddir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı buna bir neçə aspektdən yanaşdı: “İlk baxışdan aydın şəkildə görünür ki, nə Ermənistan, nə də müvafiq Avropa ölkələri və strukturları üçün bu məqbul deyil. Və bilinmir bu xüsusda Ermənistan alətdir, yoxsa vasitəçiləri. Cənubi Qafqazda sülh açılımı niyə bu qədər narahatlıq doğurur?! Ona görə ki, maraqlı qüvvələr burada istədikləri kimi “at oynada bilməyəcəklər”. Eləcə də təsir imkanları zəifləyəcək. Ən təhlükəli məqam isə odur ki, Ermənistanın havadarları humanitar təşkilatları da bu işə qatıb və yeni müharibə ocağı yaratmaq üçün “maşa” funksiyası “statusu” verib. Ermənistanın Müdafiə Nazirliyinin qeyri-adekvat hərəkət fəaliyyəti hərbi cinayət tərkiblidir. Bunların sayəsində cənazəyə çevrilən erməni ordusu yenə qurban tələb edir sanki. Baxmayaraq ki, erməni diasporu və haypərəst lobbistlər də bu işə gərgin əmək sərf edir, amma çifayda. Artıq Azərbaycan öz sözünü deyib və deyir. Biz haqlı olduğumuz qədər güclü, güclü olduğumuz qədər haqlıyıq. Biz, “sülh istəyənə qarşı sülh, müharibə istəyənə qarşı müharibə etməyə hazırıq” prinsipi ilə problemə yanaşırıq. Bir sözlə, Ermənistan müdafiə nazirinin atdığı addım və Avropa Sülh Fondunun reaksiyası dünyada sülh və təhlükəsizlik üçün təhdiddir. Rusiyanın bu məsələyə adekvat münasibəti və rus mediasında bunun ifşası təqdirəlayiqdir”.
Vidadi ORDAHALLI