Qarabağdan köçənlər İrəvanda çevriliş planını icra edə bilərmi?..
Samir Hümbətov: “Rusiyanın imkanları o qədər geniş olsa idi, Paşinyan hakimiyyətinə Qərblə yaxınlaşmağa imkan verməzdi”
Ermənistanın baş nazir aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib ki, Qarabağdan köçən ermənilər vasitəsilə ölkədə çevriliş etmək istəyirlər. O, müxalifətin hakimiyyət əleyhinə hərəkətlərinin Zəngəzurdan dəhliz verilməsi ilə nəticələnəcəyini bildirib:
“Küçələrdə sirk nümayəndələri kimi dolaşan şəxslər Qarabağdan köçənlərin emosiyaları ilə oynayırlar. Sakinləri küçə döyüşlərinə başlamağa, çevriliş etməyə çağırırlar. Qarabağın guya xilası üçün çevriliş etdilər, nəticədə oranı itirdik. İndi Ermənistanda Qarabağdan köçən şəxslər vasitəsilə çevriliş etmək istəyirlər. Son məqsədləri Zəngəzurdan Azərbaycana dəhliz verməkdir”.
Göründüyü kimi, erməni mediasında iddialar səslənir ki, Rusiya Qarabağdan qaçıb Ermənistanda yerləşənlərin əli ilə çevriliş etməyə hazırlaşır. Rusiya buna müvəffəq ola bilərmi?
Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan mediasının iddia etdiyi bu məsələ bir az mübahisəli kimi dəyərləndirilə bilər: “Çünki Rusiyanın imkanları o qədər geniş olsa idi, Paşinyan hakimiyyətinə Qərblə yaxınlaşmağa imkan verməzdi. Rusiya problemləri yığıb axırda partlatmaq əvəzinə, başda diplomatik imkanlarından istifadə edə bilərdi. Digər tərəfdən, Qarabağdan ermənilərin Ermənistana getməsi Rusiyanın ürəyincə deyildi. Rusiyanın orda dayağı kimi dəyərləndirilirdi onlar. Ona görə də, mən hesab edirəm ki, Ermənistan mediasının iddiası o qədər də inandırıcı görsənmir. Rusiya istəyərdi ki, Qarabağ erməniləri qalsın, o da bundan istifadə edərək öz fəaliyyətini davam etdirsin. Bu baxımdan düşünürəm ki, Ermənistanda çevriliş olması o qədər də inandırıcı görünmür. Həm də Qərb dövlətləri bütün imkanlarından istifadə edərək, Paşinyanı qoruyurlar. Çünki Qərb üçün Cənubi Qafqazda, Ermənistanda möhkəmlənmək strateji baxımdan çox önəmlidir. Burada İran, Rusiya, Çin faktorları da var. Bütün bunlar bilinən məsələlərdi. Ermənistan mediasının yazdıqları öz cəmiyyətini, ictimaiyyəti çaşdırmaqdan ibarətdir. Yəni Rusiyanın birbaşa Ermənistanda çevriliş etmək kimi bir gücü yoxdur”.
Əslində, açıq deyək ki, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi Azərbaycanın da maraqlarına cavab verir. Biz də illər boyu istəmişik ki, Rusiyanın bölgəyə təsir imkanları azalsın. Moskvanın iki təsir imkanı vardı: Qarabağ separatçıları və Ermənistan. Separatçıları itirdilər, Ermənistanda da mövqeləri laxlayır. Yəni Ermənistanın Rusiyadan uzaqlaşması bizim də maraqlarımıza cavab verir. Sadəcə, bu boşluğu Fransa doldursa, bölgəyə başqa risqlər yarana bilər.
Məhəmmədəli QƏRİBLİ