İrəvandan «Zvartnots» aeroportundakı rus sərhədçiləri ilə bağlı yeni açıqlama - Rusiyanın köməyinə ehtiyacımız yoxdur...
Ermənistan Rusiyaya irəvanın «Zvartnots» hava limanında sərhəd nəzarətinin həyata keçirilməsində kömək etdiyinə görə təşəkkür edərək, Rusiya sərhədçilərinin oradan çıxarılması qərarı barədə xəbərdar edib. Bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan açıqlama verib.
"Rusiya tərəfi məlumatlandırılıb. Öncədən Rusiya sərhədçilərinin bir sıra sərhəd məntəqələrində, o cümlədən hava limanında iştirakı yalnız müstəqillik qazanmış Ermənistana kömək kimi nəzərdə tutulub", - Mirzoyan İrəvanda Kiprin xarici işlər naziri Konstantinos Kombosla birgə keçirilən mətbuat konfransında bildirib.
"Düşünülmüşdü ki, Ermənistanın imkanı olduqda bu funksiyanı tam özü həyata keçirəcək... İndi hesab edirik ki, Ermənistan institusional cəhətdən sərhəd nəzarətini müstəqil şəkildə həyata keçirmək imkanına malikdir və bu barədə Rusiyaya məlumat verib. Düşünürəm ki, bu Rusiya üçün kifayət edəcək və məsələ bununla həll olunacaq", - xarici işlər naziri bəyan edib.
"Söhbət tam paketdən, hava limanında səlahiyyətlərin tam yerinə yetirilməsindən gedir. Bu səlahiyyətləri Ermənistan həyata keçirəcək. Biz Rusiyanı xəbərdar etdik ki, "Zvartnots" hava limanında sərhəd xidmətinin həyata keçirilməsində artıq Rusiya tərəfinin iştirakına, köməyinə ehtiyac duymuruq və əlbəttə ki, təşəkkür edirik", - Mirzoyan qeyd edib.
TAHİR