Ursula Lyayenin Əliyevə məktubu seçkidən sonrakı proqnozları alt-üst etdi...
Fərəc Quliyev: “İndiyə kimi Azərbaycanla Avropa təsisatlarının münasibətlərinin pozulacağını deyənlər sadəcə öz arzularını dilə gətirirlər”
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir:
“Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir. Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”.
Bəzi dairələr, xarici media resursları belə məlumatlar tirajlayırdılar ki, guya antiterror əməliyyatlarından sonra Avroittifaqın Azərbaycanın enerji resurslarına marağı azalacaq, sanksiyalar tətbiq olunacaq və s. Bütün bunların boş söz olduğu bir daha sübut olundu.
Avroittifaqın Azərbaycanla əməkdaşlıqda maraqlı olması nəyin göstəricisidir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa İttifaqı, Avropa təsisatları, Avropa dövlətləri ilə Azərbaycanın münasibətlərinin pozulacağı, Azərbaycana qarşı ciddi təhlükə olacağı haqqında deyilənlər bəzi dairələrin arzularından başqa bir sey deyil: “Əslində, qəbul olunan qərarları bütövlükdə bir tərkib yox, kiçik bir azlıq qəbul edir. Avropa təsisatlarında təmsil olunan dövlətlər ayrı - ayrılıqda Azərbaycanla ciddi münasibətlərdə maraqlıdırlar. İkitərəfli münasibətlərimiz, strateji tərəfdaşlarımız vardı. Bizim ticarət dövriyyəmizin böyük hissəsi Avropanın üzərinə düşür. İndi bu müraciətdə də göründüyü kimi, Avropa təsisatları Azərbaycanla münasibətdə ciddi şəkildə maraqlıdırlar. Çünki bilirlər ki, Cənubi Qafqaz regionunda logistik imkanların reallaşması Bakının iradəsindən asılıdır. Burada aparıcı dövlət olan Azərbaycan və Türkiyə çox böyük imkanlara malikdir. Kimin nə deməyindən asılı olmayaraq, bu dövlətlər, onların yaratdıqları birliklər Azərbaycanla yaxşı münasibət saxlamağa bir növ məhkumdur. Onlar bilirlər, Azərbaycan bütün hallarda bəşəri sabitlik üçün, Qərb və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatı üçün, dünyada böyük terror aktlarının qarşısının alınması üçün əlindən gələn bütün səyləri göstərib. Azərbaycana qarşı bəzi məsələlərdə lobbiçilik fəaliyyətinin nəticəsi olaraq bir qrupun Avropa İttifaqında hay-küy salması bir qrup lobbistinin fəaliyyətidir. Ona görə də, indiyə kimi Azərbaycanla Avropa təsisatlarının münasibətlərinin pozulacağını deyənlər sadəcə öz arzularını dilə gətirirlər. Mən hesab edirəm ki, bundan sonra da Azərbaycan bu münasibətləri yüksək səviyyədə saxlamağa çalışmalıdır. Düşmən tərəf çox çalışır ki, bu münasibətlər pozulsun. Azərbaycanın bir il müddətində nümayəndə heyətinin səsvermə hüququna qarşı qərəzli münasibət də aradan qaldırılacaq. Kim nə deyirsə desin, biz öz münasibətlərimizi lazımı səviyyədə qoruyub saxlamalıyıq. Ənənəvi və yeni enerji qaynaqları baxımından da Azərbaycan hər zamanki kimi öndədir. Bütün hallarda logistik imkanları ilə Azərbaycan mərkəzdə yerləşib. Bu baxımdan, dünyanın taleyini həll edən enerji qaynaqları bizim əlimizdə olduqca, bizlə yumşaq danışmağa məhkumdular. Bunları da nəzərə alaraq, daha dərin bir əməkdaşlığa çalışmalıyıq”.
Məhəmmədəli QƏRİBLİ