"Azərbaycan və Ermənistan arasında bəzi problemlərlə bağlı razılığa gəlinib" - Mirzoyan
Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdiririk. Trend xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
Tərəflər arasında müəyyən problemlərin olduğunu və bəziləri ilə bağlı Azərbaycanla razılığa gəldiklərini qeyd edən Mirzoyan iki mühüm məsələdə tərəflərin yanaşmalarının fərqli olduğunu bildirib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüşün vaxtı barədə danışan Ermənistan XiN rəhbəri yeni görüşün tarixinin müəyyənləşmədiyini deyib. Mirzoyan Ceyhun Bayramovla daim əlaqə saxladıqlarını və yeni görüşün tarixinin tezliklə müəyyən ediləcəyinə ümidvar olduqlarını dilə gətirib.
Xatırladaq ki, cari ilin 28 fevral tarixində Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində baş tutub.
Türkiyə ilə Ermənistan arasında daimi əlaqə olduğunu deyən Mirzoyan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıqları olub. Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçidi üçün açılması ilə bağlı razılığın əldə edildiyini xatırladan Mirzoyan bunun təkcə üçüncü ölkə vətəndaşları üçün deyil, Türkiyə və Ermənistandakı diplomatik pasport sahibləri üçün də keçərli olacağını bildirib.
"İpək Yolu körpüsünün yenidən bərpasından söhbət gedir. Sərhəd bölgələrində infrastruktur və yolların tikintisi ilə bağlı da müəyyən razılaşmalar əldə olunub", - deyə o bildirib.