Lənkəran Polis Şöbəsinin təşkilatçılığı ilə Sütəmurdov kənd məktəbində görüş keçirildi - “Ağ ölüm”ə qarşı barışmaz olaq...
Cənub bölgəmizin mirvarisi sayılan Lənkəranda müasir dünyanın ən böyük və sağalmaz faciəsi olan narkomaniyaya qarşı mütəmadi tədbirlər görülür, eləcə aparılan izahat işlərinin ardı-arası kəsilmir. Növbəti maariflədirici tədbir Şəhər/Rayon Polis Şöbəsinin təşkilatçılığı sayəsində Sütəmurdov kənd tam orta məktəbinin yeniyetmə və gəncləri ilə baş tutdu.
Görüşdə Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rəşad Rəcəbov narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib və dedi: - Hazırda əsrin, bəşəriyyətin bəlası olan narkomaniya millətin gələcəyi üçün də böyük təhlükədir. Çünki bu günün narkomanı təkcə özünü məhv etmir, eyni zamanda yaşadığı cəmiyyətin gələcəyini uçuruma aparır, milli genefona sağalmaz zərbə vurur. Beləcə, “ağ ölüm” kimi tarixə düşən insanı sağalmaz hala salan bəla gözümüzün qarşısında bizlərə meydan oxuyur, xalqın gələcəyinə ölümcül hücum çəkir. Odur ki, sağlam, xoşbəxt gələcək naminə narkomanlığa qarşı mübarizə bir təşkilatın işi deyil, hamının mənəvi borcudur. Birlikdə “Ağ ölüm”ə qarşı barışmaz olaq. Bu tədbirin təşkilində məqsəd məhz gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etməkdir.
Yekunda məktəbliləri daha çox düşündürən suallara polis polkovnik-leytenantı Rəşad Rəcəbov tutarlı faktlar əsasında ətraflı cavab verildi. Və belə görüşlərin rayonun təhsil ocaqlarlında təşkili davamlı olacağı deyildi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü