Buna görə yaşıl enerji siyasətinin önündə gedirik - Əliyev dünya üçün izah verdi...
Firdovsi Şahbazov: “Yanlış rəy var ki, hasilatla məşğul olan ölkələr alternativ enerjidən istifadədə maraqlı deyil”
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdi ki, Azərbaycanın yaşıl enerşi sahəsinin inkişafına önəm verməsi ölkənin ənənəvi enerji resurslarının azalması ilə bağlı deyil:
“Bu bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.
Bütün bu deyilənlərin fonunda Azərbaycan yaşıl enerjiyə keçidin sürətləndirilməsi, genişləndirilməsi ilə bu prosesin dünyada zəruri olduğuna nə kimi töhfə verə bilir? Dünyada bu zərurətin qəbul olunmasında Azərbaycanın təcrübəsi necə rol oynayacaq? Yəni bütün dünyaya təlqin olunması ki, yaşıl enerjiyə keçid doğurdan vacibdir. Bu sahədə Azərbaycanın fəaliyyəti dünya rəyinə necə təsir göstərəcək? Dünyada yaşıl enerjiyə keçid anlayışının qətiyyətlə qalib gəlməsində Azərbaycanın töhfələri nə qədərdir?
“Neft-qaz ölkəsi olan Azərbaycanda Qafqazda ən böyük Günəş elektrik stansiyası fəaliyyətə başlayıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, bütün bunlar, yəni Azərbaycanın yaşıl enerji ilə bağlı təşəbbüsləri dünyada çox müsbət effekt verə bilər: “Çünki dünyada yanlış rəy var ki, hasilatla məşğul olan ölkələr ekologiyaya daha çox zərər vurur. Guya bu ölkələr ekoloji cəhətdən təmiz sahələrin inkişafında, alternativ enerji mənbələrin istifadəsində maraqlı deyillər. Azərbaycan gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bu stereotipləri darmadağın etdi. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar çox mühüm əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanda 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Yəni Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və Günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ötən il Azərbaycanda Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük Günəş elektrik stansiyasıdır. Neft-qaz ölkəsi olan Azərbaycanda Qafqazda ən böyük Günəş elektrik stansiyası fəaliyyətə başlayıb. Təkcə bunun özü çox ciddi göstəricidir”.
Vidadi ORDAHALLI