Erməni spiker bizdən şübhələnir - Ermənistanı Rus-Belarus ittifaqına necə qoşacaqlar?
Təbriz Musayev: “2021-ci il parlament seçkilərinin nəticələri Paşinyanın əlini gücləndirdi”
Ermənistan parlamentinin spikeri Alen Simonyan əməllicə Rusiyaya müharibə elan edib:
“Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa məcbur edirlər. Bizi narahat edən zərbənin haradan gələcəyidir. Güman ki, Azərbaycanın əli ilə endiriləcək. Bütün təzyiqlər suverenliyimizə qarşı yönəlib. Ermənistanı İttifaq dövlətinə daxil etmək üçün böyük plan var”. Hərçənd, erməni rəsmisi “İttifaq dövlətinə daxil olmaq istiqamətində Ermənistana konkret təkliflər verilibmi” sualına cavab verməkdən boyun qaçırıb: “Bu barədə danışmaq istəmirəm, çünki nə desəm, təkzib edəcəklər. Amma hər şey ortadadır”.
Bu günlərdə A.Simonyan onu da bildirib ki, 2021-ci ildə Ermənistanı Rusiya-Belarus ittifaqına qoşulmağa vadar etmək istəyiblər, amma çətinliklə bundan yayınıblar: “2021-ci ildə erməni xalqının nə etdiyini təsəvvür etməyəcəksiniz. O, geosiyasi problemi həll etdi. Erməni xalqı böyük geosiyasi planını iflasa uğratdığını bəlkə də bilmədən və ya nədənsə anlayaraq öz seçimi ilə geosiyasi məsələni həll edib”.
“Simonyanın Rusiyanın Azərbaycan vasitəsilə Ermənistana zərbə endirəcəyi versiyası əsassızdır”
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Məhz 2021-ci ildə bu yöndə Ermənistana təzyiqlər olub. 44 günlük müharubə dövründə Paşinyan Putinə yalvarırdı ki, Azərbaycanı dayandırsın. Ancaq Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Rusiya müdaxilə etdi. Nəticədə 10 noyabr 2020-ci ildə hərbi əməliyyatlar dayandırıldı və Rusiya sülhməramlıları Qarabağa yerləşdirildi. O zaman Azərbaycanın dayanması doğru siyasi qərar idi. Verilən düzgün qərarlar proseslərin bizim xeyrimizə işləməsi ilə nəticələndi. Nəticədə 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatları sayəsində bütün Qarabağda suverenliyimiz təmin olundu. Bu, olduqca böyük uğur idi. Rusiya Ermənistanın məğlubiyyətindən istifadə edərək Paşinyan hökumətinə təzyiqləri artırdı. Kreml güman edirdi ki, Qarabağ məğlubiyyəti Ermənistanın yenidən Rusiyaya sığınması ilə nəticələnəcək. Ancaq 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi siyasi blokun qələbəsi Kremlin gözləntilərini doğrultmadı. Məlum oldu ki, erməni cəmiyyətində Rusiyaya yönəlik böyük narazılıq var. A.Simonyan 2021-ci ilə eyham vurarkən məhz buna işarə edir. Demək istəyir ki, məğlub müharibədən sonra erməni xalqının Paşinyana yenidən mandat verməsi bu ölkəni Rusiya-Belarus ittifaqına qoşulmaqdan xilas edib. Birincisi, həmin seçkidə Rusiyapərəst müxalifət qalib gələ bilmədi. Köçəryan-Sarkisyan cütlüyü qalib gəlsəydi, bu baş verərdi. İkincisi, Paşinyanın qalib gəlməsi imkan verdi ki, Rusiyanın bu yöndə tələblərini qəbul etməsin və müqavimət göstərsin. Belə də oldu. 2021-ci il parlament seçkilərinin nəticələri Paşinyanın əlini gücləndirdi. Simonyanın Rusiyanın Azərbaycan vasitəsilə Ermənistana zərbə endirəcəyi versiyası əssassızdır. Bununla o demək istəyir ki, Azərbaycan güc yolu ilə Zəngəzuru ələ keçirib Naxçıvanla əlaqə yaradacaq. Ermənistan Rusiyanın dəhliz şərtini qəbul edəcək. Simonyan bilməlidir ki, Azərbaycan müstəqil dövlət olduğu üçün Rusiyanın bu oyununa getməyəcək. Düzdür, Rusiya istəyəcək Azərbaycan vasitəsilə Ermənistanı sərt cəzalandırsın, amma Bakı buna getməyəcək. Çünki bu baş versə, Qərbin Azərbaycana qarşı sanksiyalar qəbul etməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, Azərbaycan öz ərazilərini işğaldan tam azad edib, o zaman bu bizə lazımdırmı?”.
Vidadi ORDAHALLI