Xankəndi - Bakı ultramarafonuna yekun vuruldu
İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub. Yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.
Sonuncu - beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə Bakıya çatıblar.
ZÜMRÜD